Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 29. 277-ci (dövlət xadiminin və ya ictimai şəxsin həyatına sui-qəsdə hazırlıq) və digər maddələrlə təqsirləndirilən şəxs Nəcəfov Elşən Yunis oğlunun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
Yenicag.az-ın məlumatına görə, hakim Aytən Əliyeva prosessual ardıcıllıqla təqsirləndirilən şəxsə sərbəst ifadə verməyi təklif edib. Elşən Nəcəfov sərbəst ifadə verərək aşağıdakıları qeyd edib:
“Mən özüm ali təhsilliyəm. Bakıda yaşayıram. Ötən il DTX əməkdaşları tərəfindən həbs olundum. Mən özüm dövlət işində işləyirdim, işə gedən zaman DTX əməkdaşları tərəfindən yolda saxlanıldım. 8 ay müddətində DTX-nın İstintaq Təcridxanasında oldum.
Tutulmamışdan qabaq Elm və Təhsil Nazirliyinin dəftərxanasında çalışmışam. Sosial şəbəkə profilim öz adıma olmayıb. Xaricdə olan Rəhim Əliyev adlı şəxsə səsli mesaj atmışam kitabla bağlı, ingilis casusunun etirafları ilə əlaqəli idi. Rəhim Əliyev adlı şəxsi “YouTube” səhifəsində təsadüfən gördüm, çıxışları məni cəlb etdi. Ona bəzi suallar yazdım.
Təqsirləndirilən şəxsin vəkili Cavad Cavadov müvəkkilinə bəzi suallar ünvanlayıb:
Ümumiyyətlə, hansı dövlət xadiminin həyatına son qoymağa hazırlıq görmüsən?
– Mən belə bir sual verdim ki, bəzi dövlət xadimlərinin öldürülməsi, yəni onların həyatına sui-qəsd olunması şəriət qanunları ilə halaldır, ya haramdır? Mən bu sualı Rəhim Əliyevə axşam saat 10-11 radələrində göndərmişdim. Yazdıqlarımı sonra silmişəm. Xarici ölkələrdən birinin Azərbaycandakı səfirliyinin yanında olmağımı qeyd ediblər. Həmin vaxt mən oradan maşınla keçmişəm.
Növbəti məhkəmə prosesi 3 oktyabr tarixinə kimi təxirə salındı.
İttiham aktına əsasən, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 29, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib./unikal
www.yenicag.az