“Azərbaycanın haqlı mövqeyinə qarşı çıxan ölkələr bərpa layihələrinə buraxılmamalıdır” – Qabil Hüseynli

“İşğaldan azad edilən bölgələrimizdə infrastrukturun bərpasında bizə yaxın ölkələrin iştirakı məqsədəuyğundur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın işğaldan azad olunmuş rayonlarında bərpa-quruculuq işlərində digər ölkələrin mümkün iştirakına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın haqlı mövqeyini görməzdən gələrək, işğalçı Ermənistana dəstəklərini bu gün də davam etdirən dövlətlərlə adekvat davranılmalıdır:

“Əlbəttə, ərazilərimizin işğaldan azad edilməsindən sonra həmin bölgələrin bərpası, infrastrukturun yenidən qurulması və yaşam şərtlərinin təmin olunması qarşıda duran ən mühüm işlər sırasındadır.

Görüləcək bu işlərin miqyası o qədər böyükdür ki, burada digər ölkələrin həm texniki imkanlarından, həm də təcrübələrindən yararlanmaq lazım gələcək. Amma hansı ölkələrin?

Prezident İlham Əliyevin İtaliyanın parlament nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər bu məsələyə dair artıq qəti mövqenin olduğunu göstərir. Prezident bildirdi ki, Azərbaycanla çox yaxın münasibətləri olan İtaliya şirkətləri bərpa layihələrinə cəlb olunacaqlar.

Bu da təsadüfi deyil. Çünki İtaliya hər zaman Azərbaycana xoş münasibəti ilə seçilib, ərazi bütövlüyümüzü birmənalı dəstəkləyib, hətta Azərbaycana müasir hərbi təyyarələrin satışından da çəkinməyib. O baxımdan, İtaliyanın bərpa layihələrində iştirakı məqbuldur.

Eyni zamanda, hesab edirəm ki, Vətən Müharibəsində bizim mövqeyimizi birmənalı dəstəkləyən ölkələrin də bərpa-quruculuq prosesində iştirakına şərait yaradılacaq. Bu, bizim o dövlətlərlə münasibətlərin daha möhkəmlənməsinə təkan verəcək.

Lakin bu sözləri başqa ölkələr haqqında söyləyə bilmərik. Konkret desək, Azərbaycanın haqlı mövqeyinə qarşı çıxan ölkələr bərpa layihələrinə buraxılmamalıdır.

Çox təəssüf ki, Avropanın bir çox ölkələrində hökm sürən xristian təəssübkeşliyi onların obyektivlik və reallıq hissini ortadan qaldırıb. Ona görə də, hər fürsətdə Azərbaycana qarşı qərəzli addımlar atırlar. Ancaq bu, bizi narahat etmir. Onlar Azərbaycanla normal, işgüzar münasibətlər qurmaqla, həm də öz iqtisadi maraqlarını təmin edə bilərdilər. Bunu istəmirlərsə, qoy gedib dizi üstə çökmüş Ermənistanın yanında dayansınlar”.

Aqil Bəkir