Azərbaycan komandası Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb.
Yenicag.az xəbər verir ki, Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (13-19 yaş qrupu) ibarət qadın qrupu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təsnifat mərhələsində hakimlərdən balans hərəkətlərində 28,250, temp hərəkətlərində isə 26,870 xal alan kollektiv iki hərəkətin cəmində 55,120 xal toplayaraq finala yüksəlib.
Finalda qarışıq hərəkətlər üzrə 28.930 xal toplayan gimnastlar bütün rəqiblərini üstələyərək birinci yeri tutublar.
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medaldır.
www.yenicag.az