!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Badamdardakı sürüşməni necə dayandırmaq olar? - Coğrafiya İnstitutundan açıqlama

!Reklam – Yazi

Hazırda Bakıda 150 mindən çox insan böyük sürüşmə sahələrində yaşayır, lakin bu say getdikcə daha da artır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır: “Bakının sürüşmə zonalarına olan təzyiq gündən-günə artır. Ümumiyyətlə, Bayıl və 20-ci sahənin sürüşməyə meyilli ərazilərindən əhalini köçürmək lazımdır, çünki həmin ərazilər çox yüklənib. Xüsusilə Bayıl yamacında meyillilik çox olduğu üçün həmin ərazilər boşaldılmalıdır. Orada kanalizasiya şəbəkəsi də tam qurulmadığına görə yamacın dayanıqlığını saxlamaq mümkün deyil”.

Şöbə müdiri Badamdarda hazırda aktivlik müşahidə edilən sürüşmə ərazisinin gilli süxurlardan ibarət olduğunu qeyd edərək bildirib ki, orada quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq.

Sürüşmə olan ərazilərdə yüklənmənin azaldılmasını vacib sayan N.Paşayev əlavə edib ki, həmin ərazilərində kompleks tədbirlər həyata keçirilməlidir, mühəndis-geoloji, meşə-meliorasiya işləri aparmaq lazımdır: “Sürüşmə sahələrində dərin kökü olan ağaclar əkilməlidir ki, onlar daim suyu çəkə bilsinlər”.

Qeyd edək ki, gecədən yağan yağış Badamdarda sürüşmə sahəsində aktivlik dinamikasını artırıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

Bundan başqa, Bakının Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində, Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.

COP29

www.yenicag.az

2346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv