Bakı aeroportunda saxta sənədlərlə ölkəyə gələn və çıxmaq istəyən şəxslər saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Mart ayının 11-də İzmir-Bakı reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilib.
12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar İzmir-Bakı reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə Bakı-London istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanıb.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurub, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyənləşdirilib.
Martın 14-də Doha-Bakı reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları- 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasportlarının saxtalaşdırılması aşkarlanıb.
Martın 15-də Bakı-İstanbul-Nyu-York reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyənləşdirilib. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
www.yenicag.az