DSX-dən cənub sərhədində ƏMƏLİYYAT: 78 kq narkotik ələ keçdi – FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1 990 ədəd narkotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Yenicag.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1 990 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
















