Bakıda “ağac soyqırımı”ndan fotosessiya

Bakının mərkəzində – Nəsimi rayonu, Salatın Əsgərova küçəsində “yaşıl soyqırım” davam edir. Yenicag.az AzNews.az-a istinadən bu günlərdə kəsilən ağacların fotolarını təqdim edir:







Qeyd edək ki, sakinlər bu ağacların niyə məhv edildiyini bilmirlər: “Başa düşə bilmirik ki, niyə belə edirlər. Bu ağaclar 50 ilə böyüyüb…”

Sakinlərin sözlərinə görə, bu ağacları özlərini icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər kəsdirir. Həmin şəxslər deyiblər ki, küçə boyu əksər ağaclar kəsiləcək: “Kəsiləcək ağacalar X-lanıb. Yəqin, bu günlərdə onlar da məhv ediləcək”.

İşarələnən ağacların fotolarını təqdim edirik:








Bildirək ki, bu “qətliamın” ictimailəşməməsi üçün ağac kəsimi həmin küçənin asfalt örtüyünün yenilənməsi dövründə başlayıb. Belə ki, həmin küçə təmirə bağlanıb və bundan sonra ağaclar kəsilib. Lakin ərazidə yaşayanların şikayətindən sonra AzNews.az-ın əməkdaşı hadisə yerinə gedib və bəzi görüntüləri çəkə bilib.

Məlum olub ki, sırayla olan, sayı dəqiq bilinməyən çoxlu iri gövdəli ağaclar kökündən kəsilərək məhv edilir. Onların əksəriyyətinin budaqları ərazidən daşınıb və gövdənin üstü asfaltlanıb.

Bununla bağlı saytımızda yazı yayımlanandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a bildirdi ki, Nazirliyin əməkdaşları sözügedən əraziyə yollanıblar və fakt təsdiqini tapıb:
“Nazirlik ağac kəsimi ilə bağlı məlumatı alandan sonra əməkdaşlarını dərhal əraziyə göndərdi. Sözügedən ərazidə doğrudan da ağac kəsimi faktı aşkarlandı. Məlum oldu ki, kəsilə ağaclar safora ağacları olub. Bununla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə protokol tərtib olunub. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə əsasən həmin Birliyin hüquqi şəxs qismində 40-50 min manat cərimə olunması üçün tədbirlər görülür”.

Qeyd edək ki, bu ilin avqust ayında da Nəsimi rayonu ərazisində yaşıllıqların məhv edilməsi faktı qeydə alınmışdı. Rayonun 20 Yanvar küçəsində baş verən bu hadisəyə hətta Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva kəskin reaksiya göstərmişdi. Onun göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olub məhv edilən yaşıllıqların bərpasına başlanılmışdı.