CNN-dən SEPAH-a uzanan xətt: Trampın “feyk nyus” adlandırdığı kanal Azərbaycana qarşı hansı oyuna qoşulub?
Aqil Ələsgər
CNN quyuya bir daş atıb.
Guya Azərbaycan İrana hücum etmək üçün İsrailə platdarm verib.
Bu jurnalistikadır?
Əsla!
Ən yumşaq ifadəylə, sifarişli informasiya terrorudur.
Aprelin 21-də eyni nağılı İsrail mediasında sınaqdan keçirdilər.
Tutmadı.
İndi qlobal ruporu işə salıblar.
Məqsəd bəllidir: Bakı ilə Tehranın arasına nifaq toxumu səpmək.
Zamanlama?
Əsla təsadüf deyil.
İyunun 1-də Astarada Azərbaycan və İranın sərhəd xidmətləri görüşdü.
Sərhəd, tranzit, logistika danışıldı.
Qonşular anlaşıb.
Buzların əriməsindən vahiməyə düşüblər.
Çünki ortada Ağbənd-Kəlalə layihəsi var.
Naxçıvanın nəfəsliyi, Türkiyənin qapısı, İranın qazancı.
Avtomobil və dəmir yolu ilə bölgənin iqtisadi xəritəsi dəyişir.
Bulanıq suda balıq tutanların, Cənubi Qafqazı qana bulayanların yuxusu məhz buna görə ərşə çəkilib.
Bölgəyə sülh gəlir axı!
Gələk bu “obyektiv” xəbər mənbəyinə.
CNN doğrudan obyektiv xəbər mənbəsidir?
ABŞ prezidenti Donald Trampın üzünə qarşı “saxta xəbər maşını” dediyi kanal.
“Xalqın düşməni” adlandırdığı mərkəz.
Xatırlayaq…
Tramp CNN-in müxbiri Cim Akostanı yalanlarına və təxribatına görə Ağ Evdən qovmuşdu.
Öz ölkəsində rəsmən “yalançı” damğası yemiş, müxbiri qovulmuş bir kanal, bu gün durub Cənubi Qafqaza dürüstlük dərsi keçir!
Gülməlidir.
Ortada iyrənc bir paslaşma var.
CNN Vaşinqtondan topu atır.
Tehrandakı, yada ki Qumdakı, bilmədin Məşhəddəki anti-Azərbaycan şovinistləri, bala Ocaq Nejatlar göydə tutur.
Sinxron işləyirlər.
Qərbin dırnaqarası “azad mediası” ilə İranın radikalları eyni xəndəkdə birləşib.
Hədəf birdir: Azərbaycanı İranla kəllə-kəlləyə gətirmək.
Amma Azərbaycanın sözü qətidir:
Ərazimizdən heç bir qonşuya qarşı istifadə edilə bilməz!
Bunu min dəfə desək də, xeyri yoxdur.
Eşitmirlər?
Eşidirlər. Sadəcə məqsəd həqiqəti tapmaq deyil, suları bulandırmaqdır.
Bəzi mərkəzlər üçün Azərbaycan-İran barışığı təhlükədir.
Xaos isə fürsətdir.
Səydərəşlərin Kərimə Dövlətini elan edənlərin çörəyinin üstünə yağla balı birdən çəkirlər.
Təkcə İranla bitsə, nə dərdimiz…
Bu iyrənc ssenarinin bir ayağı da Türkiyədədir.
CNN-in atdığı bu saxta “pas”ı Türkiyənin içindəki anti-Azərbaycan qrupları, qardaşlığı həzm edə bilməyən kriptolar göydə tutur.
Dərhal xorla bağırırlar: “Gördünüz?! Azərbaycan İsraillə necə işbirliyi qurub!”
Qərbin mərkəzlərindən idarə olunan bu maşaların dərdi nə Fələstindir, nə İslam, nə də İran.
Tək dərdləri var: Türkiyə ictimaiyyətində Azərbaycana qarşı nifrət formalaşdırmaq, Bakı ilə Ankaranın arasını vurmaq!
Türkün türklə olan sarsılmaz bağını Qəzza həssasiyyəti üzərindən istismar etmək…
Nəticə?
Nəticə çox bəsit və bir o qədər də iyrəncdir.
Ortada xəbər-zad yoxdur.
Moskvada ya da Brüsseldə düyməyə basılır…
CNN yalanı istehsal edir…
Tehrandakı şovinistlərlə Türkiyədəki təsir agentləri eyni anda bu bəstənin nəqarətini xorla oxuyurlar!
Bu qədər ucuz, bu qədər də sinxron bir xəyanət şəbəkəsi.
Amma unudurlar.
Nə Azərbaycan keçmiş Azərbaycandır, nə də bu bölgə sizin sınaq poliqonunuzdur.
Kimliyinizi, hansı qapının qulu olduğunuzu çox yaxşı bilirik.
İstədiyiniz qədər yalan istehsal edin.
O qurduğunuz çirkli “saxta xəbər” maşını Cənubi Qafqazın polad reallığına çırpılıb parça-parça olacaq.
Tramp sizə “xalqın düşməni” deyəndə çox yumşaq danışıb.
Siz təkcə Amerikanın deyil…
Siz sülhün, sabitliyin və bütövlükdə bəşəriyyətin utancısınız!













