“Gürcüstanın baş naziri İrakli Kobaxizde tərəfindən işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələrinin tarix verilərək, 2030-cu ilə qədər Gürcüstana qaytarılması ilə bağlı fikirlərin səsləndirilməsi, əlbəttə ki, ciddi marağa səbəb olub”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözügedən ərazilərlə bağlı səsləndirdiyi çıxışlara münasibət bildirib.
O. Qasımovun sözlərinə görə, ilk dəfədir ki, Gürcüstan rəhbərliyi tərəfindən bu ərazilərin Tbilisi administrasiyasının nəzarətində olacağı ilə bağlı konkret tarix açıqlanıb:
“Bu baxımdan, Kobaxidzenin sözləri diqqəti çəkir. Lakin bunun hansı variantlarla olacağı məsələsinə gəldikdə, əlbəttə ki, sözügedən məsələ ilə bağlı mümkün ehtimallar səsləndirilir. Doğrusu, Rusiyanın Ukrayna müharibəsində qələbə qazanandan sonra Cənubi Qafqaz cəbhəsində mövqelərini yumşaldacağı haqqında səslənən fikirləri bölüşmürəm. Rusiya dövlətinin xarakterini az-çox bildiyimiz üçün deyə bilərəm ki, Rusiya Ukraynada uğur qazanarsa, özünün təsir imkanlarını postsovet ölkələrində gücləndirməyə çalışacaq ki, bu, Kreml üçün vacib faktordur”.
“O ki qaldı Abxaziya və Cənubi Osetiyanın konfederasiya şəklində Gürcüstana qatılmasına, biz bilirik ki. Bu ərazilər 90-cı illərdə, daha sonra isə 2008-ci ildə Rusiya tərəfindən işğal olunub və onların “müstəqilliyi” Rusiya və Moskvaya yaxın olan dövlətlər tərəfindən tanınıb. Lakin beynəlxalq təşkilatlar və qurumlar bu işğalı qəbul etmir, eləcə də, sözügedən torpaqları birmənalı şəkildə Gürcüstanın tərkib hissəsi kimi qəbul edirlər. Əlbəttə ki, geosiyasi bir şərait yaranacağı təqdirdə, həmin ərazilərin Gürcüstanın tərkibinə qaytarılması mümkün ehtimallardan biridir. Amma onun hansı şəkildə qaytarılacağı kifayət qədər ciddi məsələdir”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz əmindir ki, hazırda Cənubi Qafqazda Rusiya və Qərb arasında ciddi bir geopolitik mübarizə getməkdədir:
“Məsələlərin gedişatı, eyni zamanda, proseslərin axarı bu mübarizənin nəticələrindən asılı olacaq, deyə bilərik. Nəzərə almalıyıq ki, qeyd olunan ərazilərdə Rusiyanın hərbi bazaları mövcuddur. Onsuz da Rusiyanın həmin ərazilər işğal etməsinin səbəblərindən biri bu idi ki, Moskva Cənubi Qafqaza nəzarət üçün Abxaziya ilə Cənubi Osetiyada hərbi bazalar qursun. Rusiyanın bu ərazilərin yurisdiksiyasına qayıtmasına imkan verməsi, açığı, inandırıcı görünmür. Gürcüstan hazırda bu əraziləri hərbi güclə qaytarmaq imkanından məhduddur. Çünki ərazidə Rusiyanın 2 böyük hərbi bazası yerləşməkdədir”.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ötən gün belə bir açıqlama ilə çıxış edib ki, 2030-cu ilə qədər Gürcüstan Abxaziya və Cənubi Osetiya bölgələri ilə birləşərək, Avropa İttifaqına üzv olacaq. Bu isə separatçı qurumlar tərəfindən birmənalı qarşılanmayıb.
İddialardan biri isə budur ki, Rusiya post-Ukrayna dövründə Cənubi Qafqaz ölkələri ilə yumşaq siyasət aparacaq və Gürcüstan konfederasiya şəklində işğal altındakı 2 ərazisi ilə birləşəcək.
Rafi Müslümov
www.yenicag.az