“Məğlublar klubu” və ya yeni koalisiya – İrəvan hansı ssenarini SEÇƏCƏK?
“Ermənistan tarixinin daha bir həlledici dövrünə daxil olur. Yəni keçmiş tarixində etdikləri səhvləri təkrarlayıb yox olmaq, ya da müasir tarixində yeni dövr açmaqla gələcəyə ümid işığı yandırmaq dövrünə”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın Robert Koçaryan və Serj Sarkisyanla görüşü, eləcə də eks-liderlərin Rusiya ilə ittifaqın dərinləşdirilməsi, yeni siyasi hərəkatın qurulması və Paşinyana qarşı əməkdaşlığı müzakirə etməsi məsələsinə toxunub.
Müsahibimiz hesab edir ki, Ermənistanın siyasi elitasının “məğlublar klubu” göründüyü qədərilə Paşinyana qarşı bir cəbhədə birləşir:
“Boz kardinal” hesab edilən Qərbyönlü Levon Ter-Petrosyanın da bu cəbhədə olması təəccüb doğursa da, əslinə qalsa, mənə elə gəlir ki, təəccüblü heç bir şey yoxdur. Məsələ ondadır ki, Paşinyan Sorosun adamı kimi tanınıb və ABŞ seçkiləri dövründə Trampa qarşı kampaniya aparıb, Trampın seçilməsini istəməyib. İndi Petrosyanın da Qərbyönlü cəbhədən rusyönlü və ya revanşistlərin yanına keçməsi, böyük ehtimalla, ABŞ-dən verilən təlimatdır”.
Onun sözlərinə görə, burada əsas məqsəd Sorosun adamı Paşinyanı məğlub etməkdir:
“Əslində, Tramp administrasiyasına da Paşinyanın yerinə rusyönlü birinin gəlməsi sərf edir. Göründüyü qədərilə, Tramp və Putin eyni mövqedən çıxış edirlər – bunu bəlli etməsələr də… “Tramp dəhlizi”nin yaradılması da, böyük ehtimalla, Putinlə razılaşdırılıb. Hesab edirəm ki, Paşinyan , əgər növbəti seçkilərdə buna rəğmən qələbə qazanarsa, onda ona qarşı olan mövqe ABŞ və Rusiyada dəyişə bilər. Odur ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi gözləniləndir, amma müharibə qorxusu Ermənistanın gələcək həyatında mühüm rol oynayacaq. Ermənilər revanşistlərin hakimiyyəti illərini görüblər və bir daha həmin dövrə qayıtmaq istəməzlər. Bunun yolu isə Paşinyana yenidən səs vermədən keçir”.
Rafi Müslümov