“Baxdılar ki, ölmüş sandıqları mən onların çoxundan daha diriyəm” – Nemət Pənahlıdan tənqidlərə REAKSİYA

“Məndən cavanların çoxu ayaq üstə düz-əməlli dayana bilmədiyi halda, mən başı üstə rahat dayanıram”.

Bu fikirləri canlı yayımda göstərdiyi yoqa təmrini ilə geniş müzakirəyə səbəb olan Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı Yenicag.az-a açıqlamasında deyib.

MDP sədri yoqa hərəkətinə görə onu tənqid edənləri riyakarlıqda və savadsızlıqda günahlandırıb:

“İstənilən hadisəyə və hərəkətə fərqli baxışların olması təbiidir. Mənim yoqa hərəkəti göstərməyimə verilən reaksiyaları da belə qiymətləndirirəm. Ancaq gəlin baxaq, pis olan nədir? Yoqa ilə məşğul olmaq, yoxsa mənim o hərəkətim?

Mən öz televiziya çıxışlarımdan sonra yazılan rəyləri, adətən, izləmirəm. Ancaq son yayımdan sonra təqribən səkkiz yüz rəy oxudum. O rəyləri yazanların əksəriyyəti müsbət fikir bildirmişdilər.

Mənfi rəylərin isə, əsasən, paxıllıqdan, həsəddən qaynaqlandığını gördüm. Çoxları iddia edir ki, mən siyasətçi kimi çoxdan məhv olmuşam. Amma indi baxdılar ki, ölmüş sandıqları mən onların çoxundan daha diriyəm. Təsəvvür edin, məndən cavanların çoxu ayaq üstə düz-əməlli dayan bilmədiyi halda, mən başı üstə rahat dayanıram.

Tarixə nəzər salsaq, məlum olar ki, dünya şöhrətli Mahatma Qandi də yoqa ilə məşğul olub. Sağlam həyat tərzi keçirən Qandi keçi saxlayıb və onun südü ilə qidalanıb. İndi buna görə Qandini aşağılamaq lazımdır? Başa düşmürlər ki, yoqa idmandan da böyük bir dəyərdir.

Məni ən çox təəccübləndirən rüşvət aldıqlarını özlərinin də etiraf etdiyi bəzilərinin (ad çəkir – red.) məni bu yoqa hərəkətinə görə hədəfə almasıdır. Sizdən soruşuram, dövlət üçün rüşvət daha təhlükəlidir, yoxsa yoqa? Bu adamlar hansı mənəvi haqla başqalarını ittiham edirlər?

A.Zeynalov