Bəşər Əsəd saxta “erməni soyqırımı”nı tanıya bilər(?)
Vəfa Quluzadə: “Çöküb darmadağın olmuş bir rejimin…”
Fikrət Sadıxov: “Bəşər Əsəd hazırda saxta soyqırımı tanımaqdansa, ilk növbədə öz rejimini qorumaq barədə düşünməlidir”
Suriyada saxta erməni soyqırımı ilə bağlı kitab təqdimatına Bəşər Əsədin müşaviri də qatılıb. Qeyd edək ki, Suriyada gedən vətəndaş müharibəsində burada yaşayan ermənilər əsasən Bəşər Əsəd rejimini dəstəkləyir. Bu fonda gözləmək olarmı ki, Türkiyə ilə arasında problemlər olan Əsəd saxta soyqırımı tanısın? Çünki bir müddət öncə Əsəd “Türkiyənin Suriya siyasəti Osmanlının ermənilərə qarşı soyqırımı xatırladır” deyərək, 1915 yalanına dəstəyini ifadə etmişdi. Fransanın məşhur AFP xəbər agentliyinə verdiyi müsahibədə o ifadə aşağıdakı kimi idi: “”Daha müasir çağlara gələcək olsaq; bizə, Osmanlıların Suriya və Türk torpaqlarındakı 1,5 milyon ermənini və 500 min Ortodoks Süryanini öldürdüyü qırğınları xatırlatdı.” Qeyd edək ki, AFP-nin xəbərini Suriyanın rəsmi “Sana” agentliyi də paylaşıb.
Politoloq Vəfa Quluzadə Yenicag.az-a açıqlamasında bildirdi ki, artıq çabalayaraq ölüm ayağında olan bir rejimin qondarma soyqırım barədə hansı qərar verməsinin hər hansı bir mənası yoxdur: “Məsələ ondan ibarətdir ki, Suriyanın Bəşər Əsəd rejimi Rusiyaya tabedir. Ona görə Moskva onlara nə əmri versə, onlar da onu icra etməyə hazırdırlar. İkinci bir tərəfdən, çöküb darmadağın olmuş bir rejimin saxta erməni soyqırımını tanıyıb-tanımamasının mənası nədir? Türkiyəyə bundan heç bir ziyan olası deyil. Əsas odur ki, Türkiyə möhkəm olsun. Heç bir erməni fırıldağı nəticə verməyəcək”.
Politoloq Fikrət Sadıxov da bu qənaətdədir ki, hazırda Əsəd özünün taleyi ilə məşğul olsa yaxşıdır: “Bəşər Əsəd hazırda saxta soyqırımı tanımaqdansa, ilk növbədə öz rejimini qorumaq barədə düşünməlidir. Uzun müddətdir ki, Əsəd öz xalqına qarşı mübarizə aparır, dinc əhalini qırır. Demək olar ki, özü də soyqırım törədir. Bir əsr öncəki hadisələrlə qiymət verməkdən ötrü gərəkdir ki, öncə Əsəd özü haqqında fikirləşsin. Aydın məsələdir ki, müəyyən qüvvələr ona təsir edir. Burada görünür, ermənilər və ermənipərəst dairələr kifayət qədər güclüdür. Burada gündəmdə maliyyə məsələsi də ola bilər. Çünki, ermənilər belə rejimlərdən həmişə öz maraqları naminə istifadə etməyə çalışıb. Ermənilərə ümumiyyətlə Əsəd kimi diktatorların dəstəyi lazımdırsa, düşünürəm ki, onları bu tip rejimin dəstəkləməsi demək olar soyqırımın olmaması, onun inkarı deməkdir”.
Rüfət