Bir “haştag”dan daha çoxu: İtə atılanla bacanağa verilən əppək – Çingiz Özgür yazır

Sizdə də olurmu, bilmirəm, amma məndə olur. Yanında biri maraqlı söhbət edir, sən onu dinləyirsən, beyninsə gedib ən ucqarlardan bir xatirə daşıyıb gətirir. Yanındakı adamın danışığını dinləyə-dinləyə, illər öncənin hadisəsini də paralel “yaşayırsan”. Sonda danışılan hadisə ilə sənin xatirən bütövləşir. Onda anlayırsan, beyin neyronlarının səndən xəbərsiz niyə gedib “tozlu arxiv”lərdən dartıb gətirib o hadisəni.

Dövlət idarəsində işləyən bir dostum son günlər idarədə yaşananlardan danışır. İkinci dostum onun sözlərini arada kəsərək təsdiq replikaları verir, mən isə dinləyirəm.

– O gün müdir çağırıb maliyyəni, “buxalter”i. Deyib ki, hara baxırsınız? İlin son ayıdır, bizə ayrılan puldan filan qədər qalıb. Düşünmürsüz ki, bu pul niyə qalıb burada? Bunu bizə veriblər ki, bu qədərə ehtiyacınız var. Biz özümüz istəmişik, demişik, lazımdır, dərdimiz-sərimiz var. Sağ olsun kişilər, ayırıblar. Bax bu pul niyə yığılıb qalıb?

Beynimin mənə kino edib göstərdiyi xatirədə ucqar bir kənddə gözəl iyun səhəridir. Günəşin şüaları dağlara vurur. Mən tezdən oyanıb çayımı içib, çörəyimi yeyib kəndin quzularını haylayıram. Bu gün quzu növbəsi bizimkidir və bu iş yüksək etimadla mənə həvalə edilib. Naxır növbəsi isə rəhmətlik Tağı kişinindir. Tağı kişi pul müqabilində Bəxtiyara həvalə edib növbəni. Bəxtiyarın işi budur, camaatın qoyun, naxır “nobat”ına gedir. Və gün başlayır.

Kənddən azca aralanan kimi Bəxtiyar mənə deyir ki, gəl naxırla quzunu qarışdıraq. Mən etiraz etmək üçün kənddəki yaşlılardan bunun düz olmadığını, inəklərin körpə quzuları ayaqlayıb öldürə biləcəyini deyirəm, Bəxtiyar sözümü sona çatdırmağa imkan vermədən, ötkəm bir səslə: “Yaşlılar qələt eliyir!” – deyir. Hətta o qədər inam və özgüvənlə deyir ki, mən o anda bu sözü eşitdiyim yaşlı adamların cərgə ilə düzlənərək “qələt etdiyini” düşündüm. Amma heç bilmirdim axı, qələt eləmək nədir, necə edilir. Bəxtiyar tələsik naxırı quzunun içinə sürüb, əsl məramını açıqlayır:

– Sən bunları yavaş-yavaş sür getsin, mən bir az gilas yeyib gəlirəm – əli ilə aşağıda Cəmil kişinin bağında günəş şüasının altında əsrarəngiz rənglərə bürünən gilas ağacını göstərir və mənə etiraz yolu qoymamaq üçün son kəlməsini işlədir: “Sənə də gətirəcəm, ölmə!”

Bəxtiyar o gedən bir də günortaya az qalmış gəldi. Mən naxırı bir tərəfdə, quzunu bir tərəfdə yatışdırmışdım. Söyüdün altından hisdən qapqara qaralmış çaydanı götürüb “Sərin çeşmə”nin cana dərman suyundan doldurub ocağın üstünə qoymuşdum…

Beynimin digər tərəfinə ikinci dostum təsdiqləyir:

– Qardaş, bu dəqiqə bütün idarə təşkilatlarda vəziyyət budur.

Dostum nəqlə davam edir:

– Müdir betər əsəbiləşib, deyib ki, fikirləşin. Nə deyirsiniz, edək, bu pul “xərclənsin”. GGörünnə təşkil etmək olur. O tərəfdən mühasib qayıdıb ki, gəlin gənclərə təlim keçək”

Maliyyə müdiri deyib:

– A kişi sənin başın xarabdır? Bizim idarənin gəncə nə dəxli?

Müdir buxalterə yan çıxıb ki, təlimfason bir şey olsun:

– Nə olur-olsun, təki toplantı olsun. Rayonlardan gələn olsun, əmioğlunun daşınma şirkəti ilə həll edək, qalmalarını bacanağımın hotelinə yazdıraq, yeməklərini bibioğlunun katerinqi versin. Başqa da kimlə nə edilməlidirsə, edək, bu məbləği silək getsin. Gedin, yazın, gətirin. Tədbir olsun, tədbir!

“Təsdiqçi” dostum sözə qüvvət verir:

– Hə, hə. Bu “təzə”lər tədbir həvəskarıdırlar. Deyirlər, elə həftənin dörd günü nəsə “meeting” edək, yığışaq, danışaq…

Bəxtiyar gəlib çatanda çay qaynamaq üzrə idi. Gətirdiyi bir neçə böyük gilas şaxını üstümə atıb: “İndiyə çay qalar?” – deyə üstümə çəmkirdi. Keçib çəmənlikdə elə uzandı ki, sanki Tağı kişi pul verib məni naxır növbəsinə göndərib, Bəxtiyarı isə mənim üzərimdə nəzarətə. Bir azdan iki ayrı sürü qoyun, bir də yuxarı kəndin naxırı yataq yerinə yaxınlaşdı. Hər sürünü özünə aid yerdə, bir-birindən aralı yatışdıran çobanlar söyüdün kölgəsinə yığıldılar. Çayın hazır olduğunu görüb stəkanlarını götürüb çay süzdülər. Bəxtiyar siqaretini yandırıb dirsəklənərək elə həmin o “nəzarət” ədası ilə söhbətə başladı. Zorla aldığı nəfəsə, fısıltısına baxdıqca düşünürdüm ki, deyəsən, bütün gilas ağacını yeyib bitirib…

Dostum şeir deyirmiş kimi nizamla davam edir:

– Sabahısı maliyyə və mühasib hazır planla getdilər müdirin otağına. Təqribi adı “Könüllülərlə könüllük işinin könüllülüyü barədə” olan tədbirlərini müdirə təqdim elədilər. Rayon məktəblərindən dəvət edilmiş yuxarı sinif şagirdləri gəlirdi, qalırdı, yeyib-içirdi. Tədbir üçün yer kirayələnirdi. Plakatlar, qələmlər, kağızlar və sairələr hesablanmışdı. Tədbir büdcədə qalan pulun böyük hissəsini aparırdı. Qalırdı təqribən 6 min manat məbləğ. Müdir qalan pulu görəndə hirslənir ki, bunu nəyə saxlamısınız, gözmuncuğudur? Maliyyə müdiri deyir ki, tədbirə lazım olacaq hər şeyi artıqlaması ilə yazmışıq, bilmirik, daha nə edək. Müdir əlindəki qələmlə əvvəl başını, sonra qulağını, sonra peysərini qaşıyıb “Evrika!” bağıran Arximed ədası ilə deyir: “Bir dənə tədbirin adını “haştag” edin, xalanəvəsinin reklam şirkəti ilə müqavilə bağlayın, böyük hərflərlə yazdırıb qoyun səhnəyə.” Mühasibin “O qədər pulu “haştag”a yazaq?” sualına Müdir əsəbi şəkildə cavab verir ki, niyə yazmırsınız, a kişi? Elə iki min “diyez”ə gedər ən azı!

– Hə əşşi, nə eyni üsuldu hamısında. Qohum-əqrabanın şirkətinə yazdırıb sonra geri alacaq da… – deyə “notarius” dostumuz təsdiqləyir…

Dağların arxasında, söyüd ağacının kölgəsindəki çəmənlikdə süfrə açılır. Çobanlar və “nobata gələnlər” “veşmeşok”larından yeməkləri çıxarıb ortaya düzürlər. Menyu aşağı-yuxarı eynidir, hərədə iki lavaş, bir-iki yumurta, bir qaş pendir. Bircə Bəxtiyardan başqa. İri sumkasından ard-arda çıxarıb qabağına düzür, sayıram. Yeddi lavaş, dörd yumurta, üç qaş pendir, kökə.

Boy-buxunlu adamdır Bəxtiyar. “Cantaraq” sözünün haqqını verən oğlandır. Məktəbi neçə il olar qurtarıb. Qurtarıb deyəndə ki, şəhadətnamə alıb. Bir az qəribəlikləri ilə yanaşı, həm də işlək adamdı. Subaydır, çantasındakıları öz evlərindən gətirib, yemək məsələsinin “nobat sahibi”nə dəxli yoxdur, pulunu verir, vəssalam. İştahalı adamdır, yeyimcildir. Bir az vəhşi xarakterli, doymaq bilməyən növdəndir. Di gəl səhər yeyilən bir neçə kilo gilasın üstündən ha illah edirsə, üç lavaş, iki yumurta və bir qaş pendirdən artıq yeyə bilmir. Qalan hər kəs yeməyini bitirdikdən sonra süfrəsindən qalanı çantasına qoyur. Bəxtiyarsa ayağa qalxıb lavaşları və kökəni əli ilə itlərə yedirdir. Yumurtanı və pendiri ovub aralıdakı qarışqa yuvalarının ağzına tökür. Üzündə qəribə bir xoşbəxt ifadə ilə qayıdır. Vaxtdır, sürü oyanır, Bəxtiyar boş çantasını çiyninə atıb mənə göz vurur: “Quzuları oyat gəlsin”.

Çobanlardan aralanan kimi əsl məqsədini açıqlayır: Sən otara-otara gətir, mən kəndin üstündə səni gözləyəcəm.

Anlaşılan, iş yenə mənə qaldı. Siz də hiss etdiniz, yəqin. Mən Bəxtiyardan xeyli çəkinirəm. Ta utanmaqdan keçib, nə çəkinmək, əməllicə qorxuram. Dağın başı, dəlisov adam və mən. Səsə çatacaq, ünə yetəcək kimsə yox. Necə qorxmayım ki?

-Dünən tədbir keçirildi. Müdirimizin üzünə baxaydın, necə xoşbəxt ifadə var idi. Orada danışılanlardan bir adama bir qəpiklik xeyir oldusa, kimsə nəsə başa düşdüsə, mənə lənət. Di gəl tədbirin “raskrutka”sına yazılan pullarla saytlarda elə yazılar çıxdı ortaya ki, elə bil dövlət əhəmiyyətli tədbir keçirilib, – deyir dostum.

O biri dostumuz dinmir bu dəfə, eləcə gülərək başını tərpədir, “ok” verir söhbətə…

Bəxtiyar kəndin yuxarısında məni gözləyirdi. Bütün günü naxırı mənə otatdırmaqdan idi, səhər tezdən yediyi gilasdan idi, heyvanlara göstərdiyi “qayğı”dan idi, nə idisə çox xoşbəxt görsənirdi. Bütün cəsarətimi yığıb səhərdən beynimi didən sualı verirəm:

– Bəxtiyar, o itlərin küt payı verilmişdi. O qədər lavaşı, kökəni niyə lazımsız yerə itlərə yedirtdin?

Naxırı quzudan ayırır ki, kənddə bilməsinlər, mən otarmışam. Beləcə “gilas oğurluğunun şübhəlisi” sayılmaqdan da alibisi var, kişi bu gün naxırda olub, şahidi də mənəm. Sualıma əvvəl fikir vermir, sonra mənə dönüb göz vurur.

– Ay qanmaz, sən nə biləsən axı. Mən o çörəyi pendiri qaytarıb evə aparsam, sabahdan mənim çörək normamı da, pendir-yumurta payımı da azaldacaqlar ki, neynirsən, çox qoyulmuş, qalır, dala gətirirsən də. Amma belə, səhər yenə eyni miqdarda payım yığılacaq. Yeyə bilərəm, yeyərəm, yeyə bilmərəm, itlərin canı sağ olsun!

Bayaqdan deyilənləri təsdiqləyən dostum, indi birdən-birə xəyalımda Bəxtiyarın böyründə peyda olur. Ağıllı nəzərlərlə mənə baxıb bu söhbəti də bağlayır:

– Hamısı belə düşünür, a kişi! Hamısı eyni ağıldadır!