“Bizə alverə qurşanacaq səfir lazım deyil!” - MÖVQE
“Təyin olunanlar özlərində məsuliyyət hiss etməlidir”.
Bunu Azərbaycanın yeni təyin olunmuş səfirlər siyahısına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Azərbaycanın xarici siyasətində səfirlər böyük rol oynayır.
“Varlıların və vəzifəlilərin övladlarının istədiyimiz nəticələrə nail olmadıqlarının dəfələrlə şahidi olmuşuq. Bir hissəsi çaxır alverinə qurşandı, digər hissəsi xəyanət etdi. “Papalarının gül balaları” nə bilirlər ki, Azərbaycanın milli maraqlarını qorumaq nədir, Azərbaycan üçün canını vermək nədir?! Mən sadaladıqlarımı görə bilməmişəm. Bizə alverə qurşanacaq səfir lazım deyil!
Azərbaycanı xaricdə hər zaman layiqli insanlar təmsil etsələr yaxşı olar. Azərbaycana Avropa Şurasında hansı təzyiqlərin olduğunu görürük. Qonşu dövlətlər olan Rusiya və İranla münasibətlərin necə olduğu göz önündədir. Bizə güclü savada malik, siyasət təcrübəsi olan kadrlar lazımdır.
Prezidentimizin səlahiyyətində olan məsələlərə qarışa bilmərik. Lakin təyin olunanlar özlərində məsuliyyət hiss etməlidir. Özlərinə sual verməlidirlər ki, bu işi icra edə biləcəklər, ya yox?! Bizə xaricdə Azərbaycanı layiqli təmsil edəcək biri lazımdır, alverə qurşanacaq səfir yox!”.
Nəsimi Ələsgərli