Naxçıvanda “Duzdağ” Fizioterapiya Mərkəzində karantinə yerləşdirilən Türkiyədən gəlmiş azərbaycanlı tələbələrin saxlanıldığı şərait haqda həyəcanlı xəbərlər yayılır.
Yenicag.az xəbər verir ki, Türkiyədən Naxçıvana gələn və orada” Duzdağ” Fizioterapiya Mərkəzinə yerləşdirilən tələbələr bərbad karantin şəraitinə etiraz ediblər.
Tələbələrin bildirdiyinə görə, Mərkəzdə 150 nəfər bir yerdə saxlanılır. Qidalanma qismən normal olsa da, ümumi şərait ürəkaçan deyil.
Jurnalist Aygün Muradxanlının “Facebook” profilində paylaşdığı məlumata əsasən, Mərkəzdəki şəraitsizliyi ictimailəşdirən tələbələr Hüseyn Novruzov və Eltac Kərimov 3 gün əvvəl naməlum yerə aparılıblar.
Muradxanlının yazdığına əsasən, tələbələrdən birini başmaqla, digərini isə yatdığı yerdən qaldıraraq, ayaqyalın aparıblar. Onların çemodanları mağarada qalıb. Aparılan tələbələdən artıq 3 gündür, heç bir xəbər yoxdur.
Gülşən Şərif