Naxçıvan MR Konstitusiyasında dəyişiklik: "Unitar dövlət quruluşu modelinin gücləndirilməsi..."
“Konstitusiyaya edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan unitar dövlət quruluşu modelinin gücləndirilməsinə xidmət edir. Bu quruluş modeli mühüm məsələni özündə ehtiva edir”.
Bu sözləri Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı məsələni şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Yenicag.az-a açıqlamasında bildirib.
Deputat Konstitusiyaya edilən dəyişikliklərin zəruriliyindən danışıb:
“Bu il Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və suverenlik ili”dir. Bu da ölkəmizdə yaranmış yeni reallıqlarla əlaqədardır. Suverenliyimizin bərpa olunması istər idarəetmədə, istərsə də inzibati subyektlərimizin bu və digər formada səmərəliliyinin təşkil olunmasında mühüm imkanlar yaradıb. Ona görə də Naxçıvan MR Konstitusiyasına dəyişikliklərlə bağlı təqdim olunmuş layihə Milli Məclisdə yekdilliklə qəbul edildi”.
Millət vəkili mümkün dəyişiklik fonunda yeni formatdan da bəhs edib:
“Nəticə etibarilə, edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan unitar dövlət quruluşu modelinin gücləndirilməsinə xidmət edir. Bu quruluş modeli mühüm məsələni özündə ehtiva edir: Naxçıvan MR-nın Konstitusiyasının əsasları məsələsində iki mühüm tarixi hadisə konstitusiyaya əlavə edildi. Onlardan biri 1991-ci ildə oktyabr ayının 18-də qəbul edilmiş Konstitusiya Aktı, digəri isə 1995-ci ildə qəbul etdiyimiz Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasına istinad idi. Bunlar isə həm milli qanunvericilik kontekstində, həm də Muxtar Respublikanın inkişaf perspektivləri aspektində olduqca vacib addımlar idi”.
Nurlan Cəfəri