Rövnəq Abdullayevin NAXÇIVAN KARTI: İqtisadi təsir imkanlarını bərpa etmək istəyən nazir müavininin ƏSL NİYYƏTİ

media-hightechnic-468x90

Azərbaycanda son illərdə başqa dövlətlərin təsiri altında olan, yaxud xarici xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərə qarşı ciddi tədbirlər görülür.

Xüsusilə Rusiyanın təsir dairəsinə yaxın şəxslərin zərərsizləşdirilməsi siyasi elitadakı yüksək çəkili adamların vitrindən təmizlənməsi ilə davam edir. Yerli və milli kadrların seçilməsi, habelə Rusiya təsirinin aradan qaldırılması son dövrlər prioritet məsələlərdən biridir.

Xatırlatmaq yerinə düşər ki, bundan öncəki yazıda Rövnəq Abdullayevin iqtisadiyyat nazirinin müavini qismində Naxçıvanda həyata keçirmək istədiyi planlar barədə kiçik anons vermişdik. R. Abdullayev Azərbaycanda illərdir, arxa planda olan, lakin dövlət mexanizmlərinin ən strateji bəndlərini nəzarətdə saxlayan bir fiqurdur. Bundan başqa, o bu gün iqtisadiyyat nazirinin müavini postunu öz maraqları üçün bir körpüyə çevirən və yeni mərhələyə hazırlaşan oyunçudur. İndi isə cənab Abdullayev ölkədə diqqətçəkən bir bölgəyə – Naxçıvana doğru səssiz hərəkətə keçməyə başlayıb.

Naxçıvan son vaxtlar ciddi siyasi yenilənmələrlə gündəmdədir. Müəyyən vəzifə dəyişiklikləri, mərkəzi hakimiyyətə yaxınlaşdırılan idarəçilik modeli və ən əsası, bölgədəki güc balansının pozulması bəzi fiqurlar üçün yeni imkan pəncərəsi açıb. Bu pəncərədən içəri girməyə can atanların başında isə Rövnəq Abdullayevin dayandığı iddia olunur. Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən azad edilməsindən sonra muxtar respublikanın mərkəzi hakimiyyətlə koordinasiyalı şəklində idarə edilməsi, habelə Prezidentin xüsusi nümayəndəsinin bölgədəki fəaliyyəti, şübhəsiz ki, əslən naxçıvanlı olan Rövnəq Abdullayev üçün yeni şərait yaradıb.

Onu da qeyd edək ki, Rövnəq Abdullayevin Naxçıvana olan marağı təsadüfi deyil. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, bu bölgə onun üçün həm iqtisadi dayaqlarını bərpa etmək, həm də siyasi nüfuzunu genişləndirmək üçün əlverişli platformadır. Mənbə deyir ki, o, Dövlət Neft Şirkətinə rəhbərliyi dövründə qazandığı əlaqələr, qohumluq bağları və qeyri-rəsmi təsir dairəsi sayəsində artıq Naxçıvanda bəzi iqtisadi layihələrə dolayı yollarla nüfuz edib.

Məqsəd açıqdır: Naxçıvanda yeni formalaşan inzibati boşluğu öz adamları ilə doldurmaq, muxtar bölgədə öz “sabitliyini” qurmaq və mərkəzlə yeni münasibətlər modelini formalaşdırmaq. Daha dəqiqi isə mərkəzi hökumətə qarşı paralel dövlətçilik oyunu oynamaq. Əslində, bu sadəcə bir idarəçilik marağı deyil, əksinə, paralel güc quruculuğu, dövlətə paralel iqtisadi və inzibati sistem yaratmaq cəhdidir. Bu isə təhlükəlidir. Çünki Rövnəq Abdullayevin adı uzun illərdir, rəsmi və qeyri-rəsmi Rusiyapərəst mərkəzlərlə birgə çəkilir. Hələ buraya FETÖ ilə olan keçmişini də aid edə bilərik.

Xatırlatmaq yerinə düşər ki, Abdullayev kürəkəni Rauf Əliyevi önə sürməklə diqqətləri üzərindən çəkmək niyyəti güdür. Bununla üzdə görünmədən öz əməllərini gizli şəkildə həyata keçirmək istəyən nazir müavini Naxçıvanda da aktiv fəaliyyətə keçmək üçün cəhdlər edir.

Bu gün Naxçıvanda atılan hər addım diqqətlə izlənməlidir. Muxtar Respublika ilə bağlı qəbul edilən qərarlar, mərkəzi hakimiyyətin bölgədə strateji çəkisini artırması, naxçıvanlıların post-Talıbov dövründə bir növ həyata geri dönməsi, yəqin ki, Rövnəq Abdullayevi çox narahat edib. Əgər Rövnəq Abdullayev bu bölgədə real güc qazanarsa, bu, sadəcə regional problemdən daha çox onun mərkəzlə siyasi bazarlıq imkanlarını artıracaq, köhnə şəbəkəsini yenidən qurmağa zəmin yaradacaq. Eyni zamanda, ölkədə anti-Rusiya xəttinə zərbə vura biləcək bir şəxsin güclənməsinə səbəb olacaq.

Bəllidir ki, Azərbaycan artıq belə oyunçulara ikinci şans verməyəcək qədər ciddi mərhələyə keçib. Siyasi müstəqilliyin qorunması təkcə xarici təhdidlərə qarşı deyil, daxildə sükuta bürünmüş təhlükələrə qarşı da mübarizəni tələb edir. Rövnəq Abdullayev isə məhz bu səssiz təhlükələrin başında gəlir. Onun Naxçıvana doğru uzanan kölgəsi sadəcə bir iqtisadi layihə ilə məhdudlaşmır. Bu kölgə, əgər vaxtında kəsilməzsə, sabah muxtar bölgədən mərkəzə uzanan yeni bir güc piramidasının təməli ola bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa