İctimai nəqliyyata bilet satışı üzrə operator “K Group” MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus olduğu aşkarlanıb. BNA bu barədə verdiyi açıqlamada Vüsal Kərimlinin quruma rəhbər təyin ediləndən sonra şirkətdə fəaliyyətini dayandırdığını bildirib. Lakin araşdırmaya görə, Vüsal Kərimli fəaliyyətini hələ də davam etdirir. Məlum olub ki, ictimai nəqliyyatda bilet satışı da Vüsal Kərimlinin biznes imperiyasına daxil olan şirkət tərəfindən həyata keçirilir. Bundan başqa, son dövrlər BNA-nın keçirdiyi tenderlərdə şübhəli məqamların olması da aktual məsələlərdən biridir. Belə ki, tenderlərin bir çox hallarda BNA rəhbərinə yaxın, yaxud da yeni yaradılan “proxy” şirkətlərə verildiyi iddia olunur.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bir çox dövlət qurumlarının rəhbərləri öz səlahiyyətlərindən istifadə edərək qanun pozuntularına yol versələr də, həmin şəxslərə qarşı ciddi tədbirlər görülmür:
“Təəssüf ki, Azərbaycanda bir çox hallarda dövlət qurumları sayılan və ya publik hüquqi şəxs hesab olunan təşkilatların rəhbərləri öz təşkilatlarına aid daxili tender və dövlət satınalamaları qaydalarını tez-tez pozurlar. Görünür, bu hal Bakı Nəqliyyat Agentliyindən də yan keçməyib. Qurum rəhbərliyi əllərində olan səlahiyyətlərdən istifadə edir, birbaşa özlərinə məxsus və ya çox yaxın adamlarına məxsus şirkətlər həmişə tenderlərin qalibi olurlar. Bu isə ölkədə tenderlər və dövlət satınalmaları ilə bağlı ciddi problemlərin olduğunu bir daha sübut edir. Çünki mediada onlarla, yüzlərlə bu cür araşdırmalar olub və son 20 il ərzində cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu vəziyyətlə bağlı ciddi irəliləyişə nail olunmaması təəssüf doğurur. Əslində, BNA ilə bağlı yayılan bu cür məlumatlar müvafiq dövlət orqanlarının yoxlama obyekti olmalıdır. Azərbaycan qanunvericiliyinə və məntiqə görə, mediada çıxan məlumatlar istənilən halda araşdırılmalıdır. Hətta məlumat düz olmasa da, tenderlərin keçirilmə qaydalarına ciddi nəzarət etməklə “proxy” şirkətləri asanlıqla tapmaq mümkündür. Bəzi hallarda açıq şəkildə qanun pozuntuları olur. Bəzən dövlət satınalmaları və tenderlərin qalibləri bir həftə və ya iki ay öncədən yaradılan şirkətlər olur. Halbuki qanunvericilikdə tender qalibi olan şirkətlərin ən azı ağlabatan təcrübəyə malik olması göstərilir”.
Nəqliyyat eksperti İlqar Hüseynov da, öz növbəsində, saytımıza açıqlamasında qeyd edib ki, bütün hallarda yayılan məlumat araşdırılmalıdır:
“BNA ətrafında yayılan neqativ məlumatlar doğrudursa, bu, dövlət büdcəsinin şəffaf idarə edilməsi qaydasının pozulması və korrupsiya faktının yaranmasıdır. Azərbaycanda çox qəribə bir tendensiya var. Belə ki, şirkət yaratmış şəxslər hansısa vəzifəyə təyin olunduqdan sonra həmin şirkəti yaxın adamlarının və ya şirkətə aidiyyəti olmayan birinin adına keçirirlər. Yəni məsul şəxs kimi təqdim olunur. Halbuki faktiki olaraq şirkətin sahibi rəhbər vəzifədə çalışan şəxs olur. Ümumiyyətlə, dövlət qulluğunda çalışan insanların, parlamentə seçilən deputatların, nazirliklər və komitələri idarə edən şəxslərin, BNA və icra hakimiyyəti strukturlarının bizneslə məşğul olması qanunla qadağandır. Buna baxmayaraq, rəhbər vəzifədə olan kifayət qədər şəxs qanun pozuntusuna görə həbs olunublar. Məlum olub ki, onların şirkətləri yaxın adamlarının və qohumlarının adına olub. Bunu Azərbaycanda hər kəs bilir.
Bu baxımdan, BNA rəhbəri Vüsal Kərimli yayılan məlumatı təkzib etsə də, onun istefa verdiyi şirkətin yenidən tenderlərdə qalib olması və bilet satışı həyata keçirməsi ortaya suallar çıxarır. Burada birbaşa korrupsiya var və dövlət maraqlarına zidd məqamlar özünü büruzə verir. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələni araşdırmalıdır. Əgər fakt öz təsdiqini taparsa, qurum rəhbəri ciddi şəkildə cəzalandırılmalıdır”.
www.yenicag.az