“Dollar bahalaşandan sonra tikinti bazarında da qiymətlər artdı. Ötən aydan alver “ölüb”. Yanvarın sonunadək əksər mağazalar bağlanacaq. Başqa əlac yoxdur, yer pulunu verə bilmirik.
Soruşursunuz ki, Azərbaycanda istehsal edilən materiallar da bahalaşıbmı? Yerli istehsal var ki?! Materiallar xaricdən alınıb gətirilir. Baxın, bu qapılar sexlərdə yığılır, amma materialları xaricdən gətirirlər.
…Bunu Dərnəgüldəki tikinti bazarında çalışan Samir Əiyev Virtualaz.org saytının paytaxtın ən böyük tikinti bazarında vəziyyəti öyrənən əməkdaşları ilə söhbətində deyir.
İkinci devalvasiyadan sonra, ərzaq məhsulları kimi, tikinti materiallarının da qiyməti artıb. Qiymət artımından sonra isə alıcı qıtlığı yaranıb, nəticədə ticarət mərkəzində bir neçə mağaza boşaldılıb. İndi təkcə satıcılar deyil, fəhlələr də alıcı yolunu gözləyir.
Samir Əliyev onu da deyir ki, yanvar ayından ticarət tamamilə dayanıb: “Tikinti sektorunda iş dayanandan alıcı qıtlığı yaranıb. Yəni dollar bahalaşmamışdan əvvəl də yer pulunu güclə çıxarırdıq. Bu ay isə heç alver edə bilməmişik. Indi bu bazara yalnız məcburiyyət qarşısında gələn olur. Mən ayın 3-dən indiyədək heç nə satmamışam”.
Boya, aboy və kafel yapışdırıcılarının satışı ilə məşğul olan mağazanın sahibi Nəsimi Ağayev isə deyir ki, icarə haqqını verə bilmədiyindən yaxın günlərdə mağazanı bağlayacaq: “Mağazanın anbarında qalan malları əvvəlki qiymətlərlə satırıq. Amma yenə də alan yoxdur. Ayda 1300 manat icarə haqqı verirəm. Satış olmadığından icarə haqqını ödəyə bilmirəm”.
Alçıpan, lambirin mağazasında da vəziyyət eynidir. Satıcı Seyfi Məmmədov deyir ki, mal burada istehsal olunsa da xammal xaricdən gətirilir: “Hazırda alçıpan 8, lambirin isə 4 manat 50 qəpikdən satılır. Anbardakı mallar satılandan sonra qiymətlər artacaq. Yəni yeni mallar yeni qiymətlə gətiriləcək”.
Plastik boruların, eləcə də istilik sistemlərinin qiyməti isə artıb. Satıcı Nəsib Abbasov deyir ki, plastik boruların 1 metrində 30-50 qəpik artım müşahidə edilir: “Plastik borular əsasən Türkiyədən gətirilir. Buna görə də qiymətlər dəyişib. İstilik sistemləri isə 30-40 faiz bahalaşıb.
Məsələn, kombi və radiatorlar Rusiya, Türkiyə, Çin və Almaniyadan gətirilir. Radiatorlar istehsal edildiyi ölkə və materialdan asılı olaraq 4-8 manat arasında bahalaşıb. Əvvəllər 750 manata satdığımız Çin istehsallı kombilər indi 850 manata satılır”.
Kafel, metlax və digər santexnika aksesuarları da bahalaşan materiallar sırasındadır. Yerli istehsal mallarında cüzi bahalaşma müşahidə edilsə də xaricdən gətirilən materialların qiyməti 15-20 faiz artıb.
Satıcı Elmir Həsənov deyir ki, birinci devalvasiyadan sonra ticarət zəifləmişdi, amma yay aylarında satış yenidən artıb: “Fevralda baş verən devalvasiyadan sonra satış dayanmışdı. Amma sonradan bazar yenidən canlandı. Hələlik insanlar bahalaşmanı həzm etməyə çalışırlar. Yəqin ki bir-iki aydan sonra yenidən satış artacaq”.
Yerli zavodlarda istehsal edilən kafellərin qiymətində 1-2 manat artım var. Ukrayna, Türkiyə, Polşa və digər ölkələrdən gətirilən kafel və metlaxlar isə 2-6 manat bahalaşıb.
Məsələn, “Gilan Holdinq”in istehsal etdiyi metlaxların kvadratmetri 10 manat 50 qəpik-11 manatdır. Rusiyadan gətirilən metlaxlar isə 15 manatdan 17 manatadək bahalaşıb. Duş kabinələri, nasoslar, jalüzlər, plastik su çənləri, plastik vannalar, sement, qum isə 30-40 faiz bahalaşan mallar sırasındadır.
Satıcılar onu da qeyd edirlər ki, vəziyyət belə davam etsə bazarda işləyən mağazaların sayı barmaqla sayılacaq qədər azalacaq.
…Hələlik isə bazarda yeganə müzakirə mövzüsu dollar, devalvasiya və alıcı qıtlığıdır. Biz bazardan ayrılarkən daha bir mağazanın üzərinə “icarə” elanı yapışdırılırdı.