“Böyük qayıdış”ın ilk addımı adlandırılan Cocuq Mərcanlı artıq eyni adlı brendə çevrilib.
Yenicag.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə fəaliyyəti ilə Cocuq Mərcanlı adlı yeni brend yaradılıb. Brendin loqosunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin(TUİB)sədri Hüseyin Büyükfırat hazırlayıb.
Hüseyin Büyükfırat bunları deyib:
“Məqsədimiz Cocuq Mərcanlı əhalisinə və Azərbaycanın haqlı davasına dəstəkdir. Biz Türkiyə olaraq “Böyük Qayıdış”a dəstək olmağa çalışırıq. Hazırladığımız loqo ilə həm Azərbaycan-Türkiyə xalqlarının qardaşlığını, həm də birlikdə qüvvətli olduğumuzu anlatmağa çalışmışıq”.
Hüseyin Büyükfırat bildirib ki, loqonu bütün dünyada tanıtmağı qarşısına hədəf qoyub:
“Loqodakı altdan çəkilən xətt torpağın, üzərindəki insanlar Azərbaycan və Türkiyə xalqlarının birliyinin, yaşıl yarpaqlar isə inkişafın işarəsidir.
Artıq Cocuq Mərcanlıda istehsal olunan məhsullar yeni loqo ilə supermarketlərdə satılmağa başlanılıb”.
Qeyd edək ki, yaxın zamanlarda Türkiyə səfirliyinin dəstəyi ilə Cocuq Mərcanlıda suvenir hazırlanan müəssisə fəaliyyətə başlayacaq.