İzmirdə Ulu Öndər Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi - FOTO
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəfatının 22-ci ildönümündə İzmirdə təşkil olunan iki günlük anım proqramı ilə yad edildi. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkil etdiyi tədbirlər geniş iştirakla və duyğulu anlarla yadda qaldı.
Karşıyakada Rəsmi Anım mərasimi keçirildi
Anım proqramının ilk günü İzmirin Karşıyaka rayonunda yerləşən Heydər Əliyev parkında keçirildi. Parkdakı Heydər Əliyev büstünə əklillər və gül dəstələri qoyuldu, ardından Karşıyaka bando qrupunun müşayiəti ilə bir dəqiqəlik sükut elan olundu, həm Türkiyənin, həm də Azərbaycanın dövlət himnləri səsləndirildi.
Karşıyaka Bələdiyyəsinin dəstək verdiyi mərasimə n dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, siyasi partiya nümayəndələri, akademiklər və çoxsaylı vətəndaşlar qatıldılar. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğu və Azərbaycan–Türkiyə dostluğunu strateji dövlət siyasətinə çevirdiyi xüsusi qeyd edildi.
Anım mərasiminin ikinci günü
Anım proqramının ikinci günü isə Heydər Əliyevin ruhuna duaların oxunduğu və ehsan süfrəsinin verildiyi mənəvi bir mühitdə davam etdi. Bu mərasimdə Heydər Əliyevin siyasi irsi, dövlət xadimi kimi fəaliyyəti və Türk dünyasına verdiyi dəyərli töhfələr barədə geniş çıxışlar edildi.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müavini Pərviz Məmmədzadə Heydər Əliyevin böyük siyasətçi və qüdrətli dövlət xadimi olduğunu qeyd edərək, müasir və müstəqil Azərbaycanın təməl əsaslarının onun rəhbərliyi dövründə qoyulduğunu vurğuladı.
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna tədbirə qatılan hər kəsə təşəkkürünü bildirərək, bu gün Azərbaycanın bölgədə söz sahibi bir dövlətə çevrilməsində Heydər Əliyevin uzaqgörən siyasətinin həlledici rol oynadığını qeyd etdi.
Bilkent Universitetinin müəllimi və Azərbaycanlı Alimlər Dərnəyinin sədri, professor Əmrullah Məmmədov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onun Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada sərgilədiyi qətiyyətli və prinsipial mövqedən danışdı. Məmmədov, həmçinin, 1970-ci illərdə Türkiyənin çətin dönəmlərində Heydər Əliyevin göstərdiyi siyasi və diplomatik dəstəyə diqqət çəkdi.
Doqquz Eylül Universitetinin müəllimi, professor Gülmira Kuroğlu Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün yol göstərən bir lider olduğunu qeyd edərək, bu günkü Azərbaycanın siyasi və institusional əsaslarının onun uzaqgörən vizyonu sayəsində formalaşdığını vurğuladı.
Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Qaffar Hangül isə çıxışında Heydər Əliyevin Azərbaycanı güclü dövlətə çevirən tarixi lider olduğunu bildirdi. O, Heydər Əliyevin Türkiyə–Azərbaycan həmrəyliyini sadəcə şüar səviyyəsində deyil, dövlət siyasəti səviyyəsinə qaldırdığını qeyd edərək, bu irsin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin hər kəs üçün ortaq məsuliyyət olduğunu söylədi.
Professor İskəndər Əskəroğlu isə Heydər Əliyevin böyük rəğbətlə dinlədiyi şair Bəxtiyar Vahabzadənin bir şeirini səsləndirərək mərasimə ədəbi bir məna qatdı.
Roza İbadova Kocamazdan Duyğulu Təqdimat
Hər iki gün keçirilən mərasimlərin aparıcılığını həm Azərbaycanda, həm də Türkiyədə tanınan sənətçi Roza İbadova Kocamaz həyata keçirdi. O, Heydər Əliyevin sevdiyi “Azərbaycan” şeirlərini səsləndirərək iştirakçılara kövrək və duyğulu anlar yaşatdı.
Tədbirin sonunda Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və Azərbaycan dövlətinə qazandırdığı nailiyyətləri əks etdirən qısa film nümayiş etdirildi. Daha sonra mərhum liderin çox sevdiyi “Küçələrə su səpmişəm” adlı mahnı iştirakçılar tərəfindən birgə səsləndirildi.
İzmirdə keçirilən bu iki günlük anım proqramı Heydər Əliyevin ideyalarının, dövlətçilik fəlsəfəsinin və Azərbaycan–Türkiyə həmrəyliyinə verdiyi strateji töhfələrin illər keçsə də, aktuallığını və mənəvi təsirini qoruduğunu bir daha nümayiş etdirdi.
Cevdət Yalçınqaya












