2-ci Fəxri Xiyaban və ucu-bucağı görünməyən izdiham… Xalq hüzndən çox qürur və qələbədən doğan sevinc hissləri ilə şəhidlərimizin ziyarətinə axın edir. Hər bir vətən sevdalısı bu müqəddəs məkana tələsir, qanı ilə tarix yazan cəsur Vətən oğulları, qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edir.
Onlar əllərini sinəsinə qoyub Azərbaycan himnini səsləndirir, gül-çiçəyə qərq olan məzarlarda uyuyan şəhidlərimizin ruhlarına dualar oxuyurlar…
Xiyabanı ziyarət edən hər bir azərbaycanlının fəxarət duyğusundan gözləri parıldayır, qəlbi qürurla döyünür. Axı biz qalib ölkənin vətəndaşlarıyıq.
Bəli, 3 il əvvəl Müzəffər Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin ətrafında “Dəmir Yumruq” kimi birləşdi və torpaqlarımızı düşmən tapdağından qəhrəmancasına xilas etdi. 30 illik torpaq həsrətinə, yurd nisgilinə son verdik. Biz bütün dünyaya göstərdik ki, qalib ölkəyik.
Zəfər sevincini Azərbaycan xalqına yaşadan isə canından-qanından keçən, düşmənin üstünə cəngavər kimi yeriyən cəsur, igid Vətən sevdalıları, torpaq fədailəri, yurd aşiqləri oldu. Onların ruhu bu gün göy üzündə pərvazlanıb, ucaldıqları şəhadət zirvəsindən Qarabağa, azad olunmuş torpaqlarımıza salam söyləyir.
Misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Yenicag.az-ın əməkdaşları da Anım Günündə 2-ci Fəxri və Şəhidlər Xiyabanında olub.
Xiyabandan videoreportajı təqdim edirik:
Cəvahir
Məsimə
Samir
www.yenicag.az