“Ay balam, bu, sənin problemindir, sən görmürsən, sən eşitmirsən, sən olduğu kimi görmək istəmirsən…”
Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasından (YAP) və iqtidaryönlü partiyalardan olan deputatların hakimiyyətin siyasətini dəstəkləməkdə fəal olmamalarına dair fikirlərə münasibət bildirən YAP-dan olan keçmiş millət vəkili Ağacan Abıyev Yenicag.az-a açıqlamasında deyib.
Sabiq millət vəkilinin fikrincə, fəaliyyətdə olan deputatlar öz işlərinin öhdəsindən gəlirlər:
“Bunu kim fikirləşibsə, istəyir ki, elə olsun. Belə deyil. Belə bir misal var, deyir, adam fikirləşdiyini görmək istəyir. Mən bu fikirlə razı deyiləm. Onu kim fikirləşib, kim atıb ortaya, özü bilər, amma mən bununla razı deyiləm.
Sizə bir söz deyim, elə işlər var ki, ağın üstünə qara ilə yazılıb. Ancaq bunu elə qurdalayırlar ki… Gül kimi görünən hadisəyə tüstü-duman buraxırlar ki, bəlkə bir az fərqli görünər. Bəzi adamlar bekarçılıqdan problem axtarır.
Ay balam, sən görmürsən, sən eşitmirsən, sən olduğu kimi görmək istəmirsən… Bu, sənin problemindir. Başa düşürsünüz… Gedin, harada istəyirsiniz, öz siyasətinizlə məşğul olun… Hesab edirəm ki, bu yanaşma doğru deyil.
Hamı öz yerindədir, deputatlar da öz işlərini bilirlər. Mən deputatlara qiymət verməyəcəyəm, onlar öz işlərini yaxşı görürlər. Burada “revizor” lazım deyil. Deputatlar yaxşı işləyəndə, kiminsə xoşuna gəlmirsə, gəlməsin. Bu gün millət vəkillərini tənqid etməyə heç kimin haqqı yoxdur. Qıraqda oturub başqalarını tənqid etməyə nə var ki…”
A.Zeynalov