Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il paytaxt və bölgələrimizdə 150 əmək yarmarkasının həyata keçirilməsi nəzərdə tutulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, indiyədək İsmayıllı, Şamaxı, Cəbrayıl, İmişli, Laçın, Ağstafa, Cəlilabad, Yevlax, Bərdə, Siyəzən, Saatlı, Şəki və digər rayonlarda 20 yarmarka təşkil olunub.
Paytaxt və bölgələrdə təşkil olunan əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə müəssisələrdə mövcud olan vakansiyalar, həmin vakansiyalara dair tələblər barədə məlumat verilir.
Həmin aktiv məşğulluq tədbirlərində işəgötürənlərin nümayəndələrinin vakansiyalara namizədlərlə ilkin müsahibələr təşkil edilir.
Yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin icra etdiyi layihələr barədə məlumat verirlər.
Qeyd edək ki, ötən il keçirilən 147 əmək yarmarkasında 1800 müəssisə tərəfindən 15,7 min vakansiya təqdim olunub.
www.yenicag.az