Güneyli milli fəal ABŞ-da vəfat etdi
Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından Taymaz Urmulu (Tahir Mahami) vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə diaspor fəalı Zaur Bayramlı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Taymaz Urmulu ABŞ-da keçirdiyi ani rahatsızlıq nəticəsində dünyasını dəyişib.
Z.Bayramlı bildirib ki, mərhumla tanışlığı Ankarada müvəqqəti mühacirətdə yaşadığı illərə təsadüf edib və bu dostluq sonradan ABŞ-da da davam edib.
O, Taymaz Urmulunun Azərbaycanın milli maraqlarına daim həssas yanaşdığını, Qarabağla bağlı keçirilən aksiyalarda fəal iştirak etdiyini vurğulayıb.
“Çox heyf ki, Güney Azərbaycanın azadlığını görə bilmədən getdi bu dünyadan. Ruhun şad, yatacağın yer rahat olsun, əziz qardaş! Səni unutmayacağıq, Bütöv Azərbaycanın dəyərli oğlu”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, Taymaz Urmulu (Tahir Mahami) Güney Azərbaycanın milli-mədəni hərəkatının tanınmış simalarından biri olub. Onun vəfatı Güney Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələri tərəfindən dərin kədərlə qarşılanıb.
Amir Aqiloğlu













