Büdcəni asfalta GÖMƏNLƏR: AYNA-nın yaratdığı NƏQLİYYAT CƏHƏNNƏMİ

media-hightechnic-468x90

 

Bakının küçələrində günün istənilən saatında bir labirint effekti yaşanır. Bunun adı isə şəhərdə hər kəsin hər an və hər gün qarşılaşdığı tıxacdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yerində sayan fəaliyyəti nəticəsində bu saat şəhər yollarında böyük bir problemin hökm sürdüyünü deyə bilərik. Sürücülər bezib, sərnişinlər haldan düşüb, ictimai nəqliyyat isə xaosa çevrilib. Bakı-Sumqayıt yolunda səhər maşınların tıxacı yaşanırsa, axşam da əsəblərin tıxacı yaşanır desək, yəqin ki, yanılmarıq. Daxili şəhər yollarında isə nə avtobusun vaxtı məlumdur, nə də dayanacağın mənası.

Onsuz da dəfələrlə sosial şəbəkələrdə AYNA haqqında olmazın tənqidləri səslənib. Lakin qurumun “nəqliyyat sahəsində səmərəli idarəetmə” bəyanatı real vəziyyətdə kağız parçasından artıq deyil. Nəzarət sıfır, plan sıfır, cavabdehlik sıfır. Müasir şəhər nəqliyyatına uyğun heç bir mexanizm tətbiq edilmir. Amma yeni formalar, təmtəraqlı brifinqlər keçirilir, hesabatlarda isə “innovasiya” sözü çox sevilir.

Söz düşmüşkən, bir zamanlar bu yolların yiyəsi, “asfalt padşahı” olmuş bir şəxsi xatırlamamaq olmur. Söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədovdan gedir. Bəli, o Ziya Məmmədov ki indi ibadətə çəkilmiş, Qızılqumlaqdakı villasında oliqarx həyatını yaşayır.

Tarixə qısa ekskurs etsək, görərik ki, Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilə qədər nəqliyyat sektorunun təkbaşına hakimi olub. Onun dövründə yollar çəkildi, pullar göyə sovruldu, tenderlər isə ailə biznesinə çevrildi. Ən yaxşı halda, həmin yollar bu gün ya çöküb, ya da yenidən təmir olunur. Onun ən “strateji” layihələrindən biri olan Bakı-Ələt-Hacıqabul yolu olub ki, o da artıq sıradan çıxmaq üzrədir. Yüz milyonlarla manat xərclənən yolun bugünkü aqibətindən danışmaq isə əbəsdir.

Hər kəsə bəllidir ki, Ziya Məmmədovun nazirliyi dövründə yollar, körpülər, keçidlər adı ilə dövlət büdcəsindən milyardlarla manat çəkilib. Təkcə 2008-ci ildə 522 milyon manat bu məqsədlə ayrılıb. Amma görünən odur ki, bu pullar asfaltın altına yox, əksinə, məhz Ziya Məmmədovun holdinqlərin beton divarlarına xərclənib. Nə təsadüfdürsə, elə həmin dövrlərdə ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olan “ZQAN” Holdinq yaradılıb. Sonradan “Garant Holding” adını alan bu şirkət bankdan tutmuş KFC-yə, sığortadan tutmuş hotel biznesinə qədər hər sahəyə “başını soxdu”. Beləliklə də pullar bala-bala Ziya Məmmədovun ailə biznesinin “mətbəx”inə axırdı.

Oğlu Anar Məmmədov isə indi Londonda özünü iş adamı kimi təqdim edir. Amma onun atasının qurduğu imperiyanın binası dövlətin büdcəsindən oğurlanan pullar ilə tikilmişdi. Yəni əməyin yox, imtiyazın məhsulu idi. Ziya Məmmədovun bugünkü “halallıq” çağırışları, ibadətlərlə dolu həyat tərzi isə əslində, bəzi sabiq məmurların yekunda özlərini necə acınacaqlı hala salmasının göstəricisidir. Dövlətin milyardlarını dağıdıb, illərlə sürücülərə qənim kəsilən bir insanın bu gün mənəviyyatdan danışması ən azı riyakarlıqdır.

İndi deyirik ki, AYNA bu gün yol çəkə bilmir, amma dərinə düşsək, problem tək AYNA ilə bitmir. Bu günün xaosu dünənin toxumudur. Ziya Məmmədovun “qızıl dövrü”ndə yollar öz yükünü daşıya bilmədi. Çünki yollar üçün ayrılmış vəsaitlərin böyük qismi “şəxsi marşrut”la ailə biznesinə istiqamətlənmişdi. İndi isə nə yollar düzəlir, nə də yolları yönəldənlər dəyişir. Xərc çox, nəticə sıfır. Qısacası, bütün problemlər yekunda bizi məhz Ziya müəllimin ibadətlə məşğul olduğu villasının qarşısına aparır…

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600