“Bu, Türkiyə və Azərbaycan başda olmaqla türk dünyasında yeni əməkdaşlıq dövrü açacaq” – Kürşad Zorlu “Yeni Çağ”a danışdı,,
“TÜDSES Türk dünyasının vətəndaş cəmiyyətini ortak rəqəmsal platformda birləşdirəcək”. Türkiyənin hakim AK Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr başqanı Kürşad Zorlu Yenicağ.az-a açıqlamasında Türk Dünyası Vətəndaş Cəmiyyətinə Dəstək Sistemi (TÜDSES) layihəsinin yalnız Türkiyəni deyil, bütün türk dövlətlərini və diaspor təşkilatlarını əhatə edəcəyini bildirib.
Professor Kürşad Zorlu qeyd edib ki, TÜDSES bütün türk dövlətlərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının vahid rəqəmsal platformada bir araya gəlməsini təmin edəcək:
“Bu sistem yalnız Türkiyə ilə məhdudlaşmır. Azərbaycan və digər qardaş ölkələrimizin qeyri-hökumət təşkilatları da bu platformaya qoşula biləcəklər. Layihə bütün türk dünyasının ortaq əməkdaşlıq məkanı kimi fəaliyyət göstərəcək. Hər bir dövlət sistemdən öz ana dilində istifadə edə biləcək”, – deyə Zorlu vurğulayıb.
Türk Dövlətləri ilə Əlaqələr başqanı bildirib ki, layihənin əsas məqsədi illərdir pərakəndə fəaliyyət göstərən türk dünyasının vətəndaş cəmiyyəti şəbəkəsini vahid rəqəmsal məkanda birləşdirməkdir.
“Bu layihə uzun illərdir dağınıq görüntü sərgiləyən türk dünyasının vətəndaş cəmiyyəti şəbəkəsini və potensialını ortaq rəqəmsal platformada birləşdirən strateji e-platforma kimi tarixə düşəcək”, – deyə AK Partiyanın sədr müavini qeyd edib.
Kürşad Zorlu Azərbaycan ictimaiyyətinə də xüsusi mesaj ünvanlayaraq bildirib:
“Sizin vasitənizlə, Azərbaycanın bütün vətəndaş cəmiyyətini bu platformaya qoşulmağa dəvət edirəm.”
O, yaxın vaxtlarda layihənin yenilənmiş və daha da təkmilləşdirilmiş versiyasının təqdimatının Bakıda keçirilməsinin planlaşdırıldığını da açıqlayıb.
“İlk fürsətdə platformanın yenilənmiş və inkişaf etdirilmiş versiyasının təqdimatını Bakıda keçirmək istəyirik. İnanıram ki, bu layihə Azərbaycan ilə Türkiyə arasında və ümumilikdə türk dünyasında vətəndaş cəmiyyəti əməkdaşlığını yeni mərhələyə daşıyacaq”, – deyə Kürşad Zorlu vurğulayıb.
Qeyd edək ki, TUDSES-in təqdimat mərasimində Türk İnternet Media Birliyi (TİMBİR) geniş nümayəndə heyəti ilə təmsil olunub. Heyətin tərkibində “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də yer alıb.
Amir Aqiloğlu













