“Canları çıxsın, gedib prezident deyənləri icra etsinlər” – Partiya sədri yeni təyinatlar HAQDA

“Dövlət başçısı yeni kadrlara öz tapşırıqlarını verdi və onlar da “gözü çıxan qardaşlar”ından nümunə götürməlidirlər”.

Bu fikirləri prezident İlham Əliyevin Cəlilabad (Rafiq Cəlilov) və Şəmkir (Rəşad Tağıyev) rayonlarına təyin etdiyi yeni icra başçılarının bu etimadı nə dərəcədə doğruldacaqlarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

MMP sədrinin sözlərinə görə, yeni təyin olunan icra başçıları prezidentin tapşırıqlarını dəqiq yerinə yetirməlidirlər:

“Mən bu yeni təyin olunan icra başçıları arasında Rafiq müəllimi tanıyıram. Bacarıqlı və təcrübəli kadrdır. Hər halda, cənab prezident kadr təyinatında yanılmır. Şəmkirə təyin olunan kadrı isə tanımadığm üçün onun barəsində nəsə deyə bilmərəm.

Şəmkir də böyük rayondur, oraya da ləyaqətli insanlar təyin olunmalıdır. Bütün hallarda dövlət başçısı yeni kadrlara öz tapşırıqlarını verdi və onlar da “gözü çıxan qardaşlar”ından nümunə götürməlidirlər.

Prezident bütün məsələləri ən açıq formada onlara deyir, izah edir. Onlar da canları çıxsın, gedib prezident deyənləri icra etsinlər. Gərək oğurluq etsinlər?”

A.Zeynalov