“Hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, dünyadakı münaqişələrin 60 %-i Türkiyənin olduğu regionda baş verir: “Türkiyə “taxıl böhranı” razılaşması ilə ərzaq böhranını həll etdi. Bu gün enerji böhranının həll edilməsində mühüm rol oynayırıq”.
Çavuşoğlu bildirib ki, Türkiyədən gözləntilər böyükdür: “Hər kəsin gözü, qulağı bizdədir”.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qaz Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitə ilə Avropaya nəql edilir. 878 km-lik boru kəməri İtaliyaya çatmazdan əvvəl Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək Türkiyə-Yunanıstan sərhədində Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir. Kommersiya istismarına başlayandan bəri qaz kəməri artıq Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edib. Bunun 10 milyard kubmetrdən çoxu İtaliyaya, 2 milyard kubmetrdən çoxu isə Yunanıstan və Bolqarıstana nəlq edilib.
TAP Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatına, o cümlədən mümkün birləşdirici boru kəmərlərinin tikintisi hesabına töhfə verir. Xüsusilə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kommersiya fəaliyyətinə başladıqdan sonra Bolqarıstan ümumi qaz tələbatının əhəmiyyətli hissəsini TAP vasitəsilə ödəyə biləcək. Yunanıstan və Albaniya, eləcə də İtaliyadakı TAP çıxış məntəqələri Avropa bazarlarına Azərbaycandan əlavə qaz almaq üçün çoxsaylı imkanlar təklif edir.
Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
www.yenicag.az