"Cinayəti gizlətmək üçün baş nazirə 200 milyon dollar təklif etdilər..." – Nazir müavini danışdı, ölkə qarışdı
“İraqda korrupsiya əməliyyatları baş verib, deputatlar həbs edilib.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə şərhçi Kənan Rövşənoğlu bildirib.
Şərhçi qeyd edib ki, son günlər İraqda hökumət nümayəndələri arasında ciddi korrupsiya əməliyyatları baş tutub:
“İraqda genişmiqyaslı antikorrupsiya həbsləri nəticəsində 12 deputat və bir nazir müavini də daxil olmaqla 47 nəfər həbs olunub. Ancaq həbs siyahısı daha da böyüyə bilər, belə ki, hazırda 128 nəfərin axtarışda olduğu, ümumilikdə isə 952 nəfər haqqında təhqiqat aparıldığı bildirilir.
Hər şey neft nazirinin keçmiş müavini Adnan əl-Cumeylinin həbsindən sonra başlayıb. Nazir müavininin korrupsiya mexanizmi barədə verdiyi ifadədən sonra hökumət həbslərə start verib.
Belə ki, hazırda 395 cinayət işi açılıb, bunların bir qismi Bağdadla yanaşı kürd muxtariyyətini də əhatə edir. Ümumilikdə İraq mənbələrinə görə, cinayət işinə əsasən 2015-ci ildən bu yana İraqdan 300 milyard dollar dəyərində vəsait oğurlanıb.
Cinayət işinə əsasən gündəlik 1 milyon barel neft terminallara yüklənsə də, ondan gələn gəlir büdcəyə çatmayıb. Bu isə aylıq təxminən 1,5 milyard, illik isə 18-22 milyard dollar vəsait deməkdir.
Xatırladaq ki, bir qədər əvvəl baş nazir Əli əz-Zeydi keçmiş hökumət üzvlərindən birinin ona 200 milyon dollar rüşvət təklif etdiyini bildirmişdi. Söhbət neft korrupsiyasının ört-basdır edilməsindən gedir. Sonradan bu şəxsin Adnan əl-Cumeyl olduğu iddia edildi.
İraqda korrupsiya və büdcə oğurluğu iddiaları daha əvvəl də olub. Lakin ilk dəfə bu qədər genişmiqyaslı həbslər dalğası həyata keçirilib.”
Nurlan Cəfəri













