***
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, evə mərmi düşməsi nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu xəsarət alıb.
O, Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Həmçinin ermənilərin atdığı top mərmisi Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ötən gün saat 23.30-dan etibarən Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.
Düşmən yaşayış məntəqələrini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.
***
Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.
“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.
www.yenicag.az