!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Demokratik inkişaf prosesində “görünməyən” SON NÖQTƏ: Hüquqi dövlət necə qurulur? - ARAŞDIRMA

!Reklam – Yazi

Elman Nəsirov: “Statusundan, tutduğu vəzifədən, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir”;

Vüqar Qədirov: “Müasir dövrdə demokratik cəmiyyətləri vətəndaş institutları, QHT-lər olmadan təsəvvür etmək qeyri-mümkündür”.

Dünyanın istənilən ölkəsində demokratiyanın dayanıqlı və davamlı olması üçün vacib amillərdən biri də vətəndaş mövqeyi ilə ictimai sektorun mövcudluğu, həmçinin hüquqi dövlət mexanizmlərinin işləkliyidir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı məfhumlardır.

Yəni həmin amillərdən biri təmin olunmadan digərini əldə etmək mümkünsüzdür. Vətəndaş cəmiyyəti demokratik, müstəqil inkşaf edən cəmiyyətə xas olduğuna görə burada əsas yeri insan, vətəndaş və şəxsiyyət tutur. Belə bir cəmiyyətdə insanlara qarşı zorakılığa qətiyyən yer yoxdur.

Bəhs olunan mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan kimi hüquqi dövlətdə ən vacib element qanunun aliliyidir:

“Statusundan, tutduğu vəzifədən, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əslində, hüquqi dövlətin ən mühüm göstəricilərindən biri həmin ölkənin demokratik inkişaf yolu seçməsidir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra demokratik dövlət quruculuğu gələcək inkişafın perspektiv xətti kimi seçildi.

Demokratiyanın özünün davamlı proses olduğunu da nəzərə almaq lazımdır. Bu prosesdə isə son nöqtə anlayışı yoxdur. Özünü demokratiyanın zirvə nöqtəsində hesab etmək yanlış yanaşmadır. Azərbaycan ümumi demokratik prosesin mühüm həlqələrindən biridir. Ulu öndər Heydər Əliyevin vaxtilə mətbuat üzərində senzuranı ləğv etməsi demokratik inkişaf yolunda həlledici addımlardan biri idi.

Bundan sonra hər bir şəxs öz mövqeyini açıq şəkildə ifadə etmək, mətbuat isə istənilən mövzuya münasibət bildirmək imkanlarına malik oldu. Ölüm hökmünün ləğv edilməsi də bu çərçivədə qəbul edilən mühüm qərarlar sırasındadır. Demokratik dünya bu addımı müsbət dəyərləndirdi. Məsələn, ABŞ özünü demokratiyanın beşiyi saysa da, o ölkənin bir çox ştatlarında ölüm hökmü hələ də qüvvədədir.

1995-ci il noyabrın 12-də Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi hüquqi dövlətin formalaşmasının konstitusion əsaslarını yaratdı. Əsas Qanunun qəbulu ilə Azərbaycanın hüquqi, unitar, dünyəvi dövlət olması öz təsdiqini tapdı.

Hər bir cəmiyyətin demokratikliyini, şəffaflığını gösətərən amillərdən biri də məhz vətəndaş cəmiyyəti institutlarının formalaşmasıdır. Azərbaycanda bu istiqamətdə mühüm layihələr həyata keçirən müvafiq agentliklər yaradılıb. QHT-lərə dəstəklə bağlı yaradılan müvafiq qurum öz işinin öhdəsindən ləyaqətlə gələrək ən mühüm layihələrin maliyyələşdirilməsini təmin edir.

Həmin layihələr Azərbaycanda vətəndaş cəmiyyətinin mənafeyinə, plüralizmin inkişafına xidmət göstərir. Bu proses əksəriyyət tərəfindən müsbət qiymətləndirilsə də, müəyyən narazılıqların olması da təbii qarşılanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafı üçün bütün zəruri imkanları yaradıb. Bu imkanlar Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı kimi mühüm məsələlərə də öz töhfəsini verir”.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov müzakirə olunan mövzu haqqında Yenicag.az-a açıqlamasında qeyd edib ki, vətəndaş cəmiyyəti və dövlət quruculuğu aktuallığını hər zaman saxlayan məsələlərdir:

“Müasir dövrdə demokratik cəmiyyətləri vətəndaş institutları, QHT-lər olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafında çox uğurlu addımlar atdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər pərakəndə şəkildə fəaliyyət göstərən və müxtəlif dövlətlərin mənafeyinə xidmət edən QHT-lərin müstəqil fəaliyyət göstərməyə başlamaları təsadüfi hal deyil.

Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün müxtəlif qanunların qəbul olunmasına baxmayaraq, nəticə heç də hər zaman azruladığımız kimi alınmır. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionda sabitliyin davamlılığında maraqlı olmayan qüvvələr və xarici güclər öz mənafeləri naminə vətəndaş cəmiyyətinin ayrı-ayrı təmsilçiləri vasitəsilə dövlətə, hakimiyyətə qarşı təzyiq xətti tutaraq ölkəmizi istədikləri kimi idarə etməyə çalışırdılar.

Buna göz yummayan Ulu öndər ölkədə mükəmməl qanunvericilik bazası yaratdı. 2007-ci ildə isə prezident İlham Əliyev tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurasının konsepsiyası təsdiq olundu. Atılan uğurlu addımlar nəticəsində Azərbaycanla bağlı şər niyyətləri olan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

3782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv