Deputat Emin Hacıyev: “Dövlət şirkətlərinin fəaliyyətində yeni dönəm başlayır”

“Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət şirkətlərinin fəaliyyətində köklü dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin vahid mərkəzdən idarə olunması onların fəaliyyətində səmərəliliyi artırmaqla, həyata keçirilən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsini təmin edəcək”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O bildirib ki, hazırda dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı nöqsanlar bu sahədə islahatların həyata keçirilməsini labüd edir:

“Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə xüsusi olaraq dövlət şirkətlərində səmərəli və çevik idarəetmənin tətbiqi məsələsinə toxundu, dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da gücləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, dövlət şirkətlərində itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır.

Bu baxımdan, dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Bu qurumlarda qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyi, şəffaflığı və hesabatlılığı təmin edərək, onları aydın, ölçülə bilən göstəricilər vasitəsilə müəyyən etməyə imkan verəcək. Səmərəliliyin artırılması dövlət şirkətlərinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə, ixrac potensiallarının artmasına töhfə verəcək. Müəssisənin fəaliyyətindəki şəffaflıq və hesabatlılıq isə investisiya cəlbi üçün olduqca vacib amildir. Bu mənada tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində uzunmüddətli dövrdə dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq.

Bundan başqa, müşavirədə cənab Prezident İlham Əliyevin iqtisadiyyatın liberallaşdırılması ilə bağlı çağırışı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı bildirdi ki, özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri maraqlandırmaqla, investorları cəlb etməklə Bakı şəhərində sovet vaxtından qalan istifadəsiz müəssisələri işə salmaq, həmin ərazilərdə yeni sənaye müəssisələri yaratmaq mümkündür. Beləliklə, cənab Prezident özəlləşmənin yeni mərhələsinin artıq başlandığını bəyan etdi. İndiki mərhələdə istifadəsiz vəziyyətdə olan obyektlərin xarici kapitalın fəal iştirakı ilə özəlləşməyə açılması iqtisadi inkişaf üçün yeni bir mənbə yaradılması baxımından önəmlidir. Ümumilikdə, cənab Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə başlanan islahatlar kölgə iqtisadiyyatının həcmini daha da azaldaraq, iqtisadi artımı dəstəkləyəcək, büdcə yığımlarında artıma səbəb olacaq. Bütün bunlar isə son nəticədə ölkədə həyata keçirilən sosial layihələrin əhatə dairəsini genişləndirərək, əhalimizin sosial rifahını daha da yaxşılaşdıracaq”.