Enerji təhlükəsizliyi uzun illər prioritet təşkil edəcək - Ülvi Quliyevin yazısı
Dünyanın siyasi səhnəsində cərəyan edən proseslər, açıq və gizli qarşıdurmalar artıq elə təhlükəli həddə çatıb ki, bəzən ən nüfuzlu beyin mərkəzləri belə, onları proqnozlaşdıra bilmir. Formalaşmaqda olan yeni dünya reallığı göstərir ki, təbii resurslara və nəqliyyat dəhlizlərinə nəzarət uğrunda rəqabət getdikcə daha da kəskinləşir, güc amili həlledici faktora çevrilir. Nə beynəlxalq hüquq yada düşür, nə də onu pozanlar məsuliyyətdən çəkinir. Əsas beynəlxalq təşkilatların qərarları isə ya gecikir, ya adekvat olmur, ya da kağız üzərində qalır.
Belə mürəkkəb vəziyyətdə yeni çağırışların önə çıxardığı önəmli məsələlərdən biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Bu səbəbdən, hətta ən inkişaf etmiş ölkələr də oturuşmuş enerji təchizatını şaxələndirməyə, bərpaolunan enerji sahələrinə böyük vəsait yatırmağa məcbur olur. Geosiyasi və geoiqtisadi rəqabət artıq elə miqyas alıb ki, heç bir ölkə bu prosesdən kənarda qala bilmir və istər-istəməz seçim qarşısında qalır. Ona görə də enerji asılılığının şaxələndirilməsi və daha etibarlı tərəfdaşla əməkdaşlıq ön plana çıxır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rol oynadığı hər kəsdən çox avropalıların özlərinə məlumdur. Təsadüfi deyil ki, Avropanın nüfuzlu siyasətçiləri ölkəmizin etibarlı tərəfdaş olduğunu açıq şəkildə etiraf edir və əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər.
Hadisələrin inkişafı göstərir ki, enerji təhlükəsizliyinin qorunması hələ uzun illər əksər aktorlar üçün prioritet təşkil edəcək. Azərbaycan Prezidenti həm də bu çağırışları nəzərə alaraq, ölkəmizin enerji potensialını bərpaolunan enerji mənbələri hesabına daha da gücləndirmək siyasətini yürüdür. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa olunmuş “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu məqsədlə həyata keçirilən çoxsaylı layihələrdən biridir. Prezident İlham Əliyev yanvarın 8-də “Gülüstan” sarayında keçirilən rəsmi açılış mərasimindəki çıxışında layihənin əhəmiyyətini xüsusi qeyd etdi: “Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir”.
Bu layihə ilə yanaşı, artıq həyata keçirilən və nəzərdə tutulan digər layihələrin diqqət çəkən tərəfi həm də ondadır ki, onların əksəriyyəti xarici sərmayələr hesabına ərsəyə gətirilir. Son 20 il ərzində generasiya gücü üç dəfə artırılaraq 10 min meqavata çatdırılan Azərbaycan üçün bu, o deməkdir ki, imkanlarımız bərpaolunan enerji mənbələri hesabına ilbəil artmaqda davam edəcək. Nəzərə alsaq ki, müasir dünya reallığında enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır, bunun Azərbaycanın yaxın və uzaq gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu hətta mütəxəssis olmayanlar da indidən görə və dəyərləndirə bilər.
Ötən il Mingəçevirdə istismara verilmiş 2000 meqavat gücündə elektrik stansiyası, bu yaxınlarda istismara qəbul olunan 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası, Qarabağ və Şərqi Zəngəzurda istismara verilən 300 meqavat gücündə 40-a yaxın kiçik su elektrik stansiyası, Cəbrayıl rayonunda hazırda inşa olunan üç Günəş elektrik stansiyası, Xəzər dənizinin 157 giqavat gücündə külək enerjisi potensialından istifadə planı və digər layihələr məhz bu məqsədə xidmət edir. “AzərEnerji”nin icrasına başladığı 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi isə Azərbaycanın energetika tarixində bir ilkdir. Eyni zamanda, artıq imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Onların əhəmiyyətli hissəsi xarici sərmayələr hesabına ərsəyə gətiriləcək.
Bu illər ərzində Azərbaycana 300 milyard ABŞ dollarından artıq xarici sərmayənin yatırılması ölkəmizin investisiya cəlbediciliyinin əyani göstəricisidir. Sözsüz ki, sərmayədarı gördüyü işin iqtisadi rentabelliyi ilə yanaşı, vəsait yatırdığı ölkənin investisiya mühiti, təhlükəsizlik və daxili sabitlik məsələsi də xüsusi cəlb edir. Çünki iri investisiyalar sakitliyi sevir, təlatümlü və qarmaqarışıq ölkələrdən kənar durur. Ölkəmizə investisiya marağının ilbəil artması həm də bu amillərlə bağlıdır. Son beş ildə xarici sərmayə qoyuluşunun artımının arxasında isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycan gerçəkliyi dayanır. Xarici investoru ölkəmizə cəlb edən həm də odur ki, Azərbaycan iqtidarı bu illər ərzində heç bir çətinliyə, kənar təsir və təzyiqlərə baxmayaraq, üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalıb. Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi bu fikir, şübhəsiz ki, istənilən investor üçün ən etibarlı zəmanətdir: “Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”.
Ülvi Quliyev
Milli Məclisin deputatı












