Dünya Bankının hesabatı Azərbaycanda təhrif edildi: RİNN, İKTA və "Aztelekom"...

media-hightechnic-468x90

RİNN, İKTA və “Aztelekom” qlobal hesabatlarda internet xidmətləri üzrə yüksək nəticə əldə olunması haqqında məlumatlar açıqlayıb.

Yenicag.az xəbər verir ki, söhbət Dünya Bankının ölkələr üzrə biznes mühitinin əlverişliliyini ölçən “Business Ready” (B-READY) 2025 hesabatında Azərbaycanda internetin də daxil edildiyi kommunal xidmətlər sahəsi üzrə qiymətləndirmənin nəticələrindən gedir.

AFN.az Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesabatla bağlı şərh verib.

O bildirib ki, öncədən bu hesabatın hazırlanmaqda olması barədə məlumatlı olub:

“RİNN, İKTA və “Aztelekom”un açıqladığı məlumatların mövcud reallığı tam dolğun əks etdirmədiyinə əmin idim. Sadəcə vaxtım olmadığından hesabata göz gəzdirə bilməmişdim. İndi baxıram və təəssüf edirəm ki, adı çəkilən qurumlar, ciddi şəxslər, yumşaq desəm alayarımçıq, başdansovdu, həmdə nəinki reallığı, heç hesabatdakı vəziyyəti dolğun əks etdirməyən bir açıqlama veriblərmiş. Anlamıram ki, dövlət məmurları necə belə addım ata bilirlər”.

O.Gündüzün sözlərinə görə, hesabatda internet xidməti artıq “Utility Services” – kommunal xidmətlər indikatoruna daxil edilib. Ekspert bunu müsbət məqam kimi dəyərləndirərək qeyd edib ki, bu indikator üzrə Azərbaycan həqiqətən də 83.05 bal toplayaraq 25-ci mövqedə qərarlaşıb:

“Yetərincə yaxşı bir göstəricidir. Hətta mən deyərdim ki məhz bu indikator üzrə reallıq bundan da yüksəkdir. Bu göstərici isə anlaşıqlı desək, Azərbaycanda infrastrukturun mövcudluğunu, qoşulmanın mümkünlüyünü və əlçatanlığını ölçür. Amma hesabat təkcə bundan ibarət deyil axı.

Hesabatda qeyd olunur ki, Azərbaycan “Operational Efficiency” (Əməliyyat effektivliyi) üzrə 63.34 bal alıb. Bu indikator isə anlaşıqlı desək mövcud xidmətlərin real istifadəsini, “compliance costs” anlayışı çərçivəsində bahalı tarifləri, məcburi minimal paketləri, qiymət–keyfiyyət uyğunsuzluğunu ölçür.

Daha problemli mənzərə isə “Market Competition” göstəricisindədir. Azərbaycan bu indikator üzrə 45.28 bal toplayaraq çox aşağı qrupda qərarlaşıb. “Market Competition” (Rəqabətli mühit) isə anlaşıqlı desək, bazarda seçim imkanlarını, bazardakı hökmranlığı və qiymətlərin rəqabət yolu ilə formalaşıb-formalaşmadığını ölçür. Aşağı nəticə dominant provayderlər, zəif rəqabət və məhdud seçim deməkdir. Beləliklə, bir cümlə ilə ifadə etsək, “Business Ready-2025″ hesabatı göstərir ki, Azərbaycanda internet artıq kommunal xidmət kimi geniş infrastrukturla mövcuddur və bu sahədə göstəricilər yüksəkdir, lakin qiymətlərin əlçatanlığı, seçim imkanları və real rəqabətlilik baxımından ciddi zəifliklər qalmaqdadır”.

O.Gündüz təəssüflə qeyd edib ki, RİNN, İKTA və “Aztelekom” kimi qurumlar yalnız bir müsbət göstəriciyə əsaslanaraq digərlərini görməzdən gəlib, birtərəfli davranaraq, alayarımçıq açıqlamalar veriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa