Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə nə az nə çox cəmi 3 gün qalıb. Namizədlərin seçki öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslər də var.
Siyahıda işsizlər, təqaüddə olanlar, hətta aktyor namizədlərin olması bu seçki kampaniyasını daha da gözəl edir. Seçkilər və onların nəticələri Azərbaycanın siyasi səhnəsinə təsir edəcək mühüm hadisələrdən biridir və seçicilərin sosial problemlərin həllinə dair gözləntilərinin necə qarşılanacağı maraqla gözlənilir.
Yenicag.az bu seçkilərdə tanımayan namizədlərlə bağlı araşdırmaya davam edir. Bugünkü araşdırmada Qusar, Kürdəmir, Hacıqabul, Salyan, Saatlı seçki dairələri üzrə davam edirik.
61 saylı Qusar seçki dairəsində deputatlığa namizədlərdən biri namizədliyini YAP-dan irəli sürən VI çağırış Milli Məclisin deputatı Badamov Azər Camal oğludur. Bu seçki dairəsində tanınmayan namizədlər də var. Belə ki onlar namizədliyini özü tərəfindən irəli sürən pensiyaçı Aslanov Rəşad Əmirbəy oğlu, orta məktəb müəllimi Poladxanova Gülanə Məzahir qızıdır.
62 saylı Kürdəmir seçki dairəsində deputatlığa namizədlərdən biri namizədliyini özü tərəfindən irəli sürən VI çağırış Milli Məclisin deputatı Ağazadə Əminə Həmid qızıdır. Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürən şəxs orta məktəb müəllimi Kazımova Yadigar Təvəkkül qızıdır.
Sözügedən seçki dairəsində də tanınmayan namizədlər üstünlük təşkil edir. Belə ki, onlar namizədliyini öz təşəbbüsü ilə irəli sürən müəllim Kərimli Kamil Kamal oğlu, pensiyaçı Həsənov Rasim Məhəmməd oğludur.
63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində deputatlığa namizədlərdən biri də namizədliyini VHP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı olmuş Hüseynov Rafael Baba oğludur.
Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd isə Hacıqabul şəhəri mənzil-kommunal təsərrüfat birliyinin müdiri Aslanov Aqil Rahil oğludur.
Sözügedən seçki dairəsində də tanınmayan şəxslər yer alır. Belə ki, onlar namizədliklərini özləri tərəfindən irəli sürən sahibkar Cabbarova Suğra Böyükağa qızı, sahibkar Tağıyev Elnur Mətləb oğludur.
64 saylı Salyan seçki dairəsində namizədliyini YAP-dan irəli sürən VI çağırış Milli Məclisin deputatı olmuş Qurbanov Sadiq Haqverdi oğludur.
Bu seçki dairəsində də adı tanınmayan xeyli namizəd yer alıb. Belə ki, onlar namizədliklərini özləri irəli sürən fərdi təsərrüfat sahibləri Cəfərov Elşən Teymur oğlu, Məmmədova Aysel Vaqif qızıdır.
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində namizədlərdən biri Ana Vətən Partiyası sədrini müavini Ağamalı Günay Fəzail qızıdır. Qeyd edək ki, Günay Ağamalının atası Fəzail Ağamalı 1995-ci ildən 2024-cü ilədək Milli Məclisin deputatı olub.
Namizdələr arasında YAP-dan irəli sürən və hazırda baş mühasib vəzifəsində çalışan Ağayev Emin Zülfiqar oğlu da var. Bu seçki dairəsində də tələbə, işsiz, hətta aktyor namizəd də yer alıb. Belə ki, onlar namizədliyini özləri tərəfindən irəli sürən işsiz Dadaşov Rəşad Rufiq oğlu, tələbə 2006-cı il təvəllüdlü Hüseynov Zəbulla Nizami oğlu, aktyor Rüstəmbəyli Nahid Ceyhun oğludur.
66 saylı Saatlı seçki dairəsində deputatlığa namizədlərdən biri namizədliyini YAP-dan irəli sürən VI çağırış Milli Məclisin deputatı Ələkbərov Əziz Yusif oğludur. Bu seçki dairəsində də işləməyən namizədlər var. Belə ki, onlar namizədliyini özləri irəli sürən Quliyev Aqil Əliqulu oğlu, Səmədzadə Mahidə Səməd qızıdır.
Mövzunu davam edirəcəyik.
www.yenicag.az