Dərdini içində çəkib, hamını güldürən MƏŞHUR: Telman Adıgözəlovun ANIM GÜNÜDÜR
Hətta ən komik obrazı canlandıranda belə, daxilindəki kədəri boğa bilmirdi. Həmişə gözlərində qəribə bir qüssə, qəm var idi…
Söhbət Xalq artisti, bənzərsiz aktyor Telman Adıgözəlovdan gedir.
Yenicag.az xəbər verir ki, bu gün aktyorun anım günüdür.
Koloritli aktyor idi, özünəməxsus duzlu-məzəli yumor duyumuna və qeyri-adi istedada malik idi. Ən əsası, təbii aktyor idi; obrazlarını oynamırdı, sadəcə olaraq yaşayırdı. Elə buna görə də tamaşaçı qəlbini ovsunlamağı bacarırdı Telman Adıgözəlov…

Hərdən fikirləşirəm ki, nə yaxşı vaxtilə televiziya tamaşaları çəkilib və bir çox aktyorlarımız o tamaşalarda yaddaqalan obrazlar yaradıblar. “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Yarımştat”, “Nigarançılıq” tamaşalarında yaratdığı obrazlarını xatırlayanda dodağımıza təbəssüm qonur.

Tragikomik obrazların öhdəsindən məharətlə gələ biləcək aktyor idi. Amma nədənsə rejissorlar onu yalnız komediyada görürdülər və yalnız komik obrazlara dəvət edirdilər… Təəssüf ki, sona qədər onun yaradıcılıq potensialını tam açan rejissor olmadı.

Belə bir deyim var: “Ağlayanın bir dərdi var, gülənin min dərdi”… Telman Adıgözəlov heç vaxt problemlərini “əlində bayraq edən”, dərdini danışan, ağırlığını kiminsə üzərinə tökən insanlardan deyildi. Dərdini içində çəkirdi. Çalışdığı teatr uzun müddət təmirə bağlanandan sonra nə səhnəyə çıxırdı, nə də filmlərə çəkilirdi. Kino üçün, teatr üçün çox darıxırdı. Üstəgəl, işsizlik və maddi məhrumiyyətlər də aktyoru sıxırdı.

Bütün bunlar səhhətinə öz təsirini göstərdi. Günlərin birində sakitcə, heç kimi incitmədən bu dünyadan köçünü çəkib getdi. Toydan qayıdan aktyorun ölümü də səssiz-səmirsiz oldu. Qəfil ürək tutmasından sakitcə son nəfəsini verib bu həyatla vidalaşdı.

Bu gün ondan geridə qalan isə bir-birindən maraqlı obrazları oldu. Nə qədər ki o obrazlar yaşayır, Telman Adıgözəlov da öz ömrünü davam etdirəcək.
Cəvahir













