Dini kəbin olmalıdır, ya yox?
Din xadimləri belə hesab edirlər ki, evlənən cütlüyün rəsmi nikahı nə qədər önəmlidirsə, dini kəbini də bir o qədər vacibdir. Hətta bəzi ilahiyyatçılar dini kəbini olmayan şəxslərin birgə yaşayışını günah sayırlar. Əgər əvvəllər hər evlənən cütlük və yaxınları bu məsələyə ciddi şəkildə diqqət yetirirdisə, müasir dövrümüzdə artıq bu qayda sonrakı plana keçib. İndi daha çox rəsmi nikah, yəni daha dəqiq desək dövlət nikahının olmasına ciddi fikir verirlər. Bəzi, şəxslər isə ümumiyyətlə dini kəbinə ehtiyac olmadığını düşünür.
Mövzunu ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Yenicag.az-a belə şərh etdi: “Bu gün gündəmə belə bir şəriət məsələsini çıxarıblar ki, rəsmi dövlət nigahı olduqdan sonra şəriət kəbininə ehtiyac yoxdur. Çox təəssüf ki, bu şəriət əmrini də mollaların pul qazanması adı ilə aradan götürmək istəyirlər. Halbuki əgər bir şəri məsələdə Allah təalanın ayəsi, həmin məsələ barədə Allah Rəsulunun tətbiqatı və bütün dinlərlə yanaşı İslamda da belə bir dini kəbinin mövcud olması indiyə qədər gəlib bizim dövrümüzə çatıbsa, demək bunun əsaslı Allah əmri olmasına şübhəmiz olmamalıdır. Ancaq bu gün bəzi müsəlmanlar demokratik dövlətlərdə yaşadıqları üçün, şəriət məsələsində olan kəbində rəsmi sənəd olmadığı üçün bunu dinimizdən və adət-ənənmizdən çıxarmaq istəyirlər.
Dini nigah vətəndaşlarımıza lazımdırmı? İlahiyyatçı dostlarımızdan biri yaxın günlərdə saytlardan birində haqlı olaraq bu cəhətdən doğru deyir ki, şəriət kəbini rəsmi və qeyri rəsmi ölkəmizdə heç bir idarə və təşkilat tərəfindən, rəsmi qurumlar tərəfindən tanınmır. Mən inanmıram ki, ilahiyyatçı dostumuz kəbini inkar etsin. Sadəcə ölkəmizdə əhəmiyyətsiz olduğunu bildirmək istəyib. Amma bunu da demək doğru deyildir. Çünki o qədər müsəlmanlar vardır ki, onlar şəriət kəbini olmadan öz həyat yoldaşını özünə haram hesab edir. Bu cəhətdən maarifləndirici tədbirlər həyata keçirilməlidir. İnsanlara geniş şəkildə izah olunmalıdır ki, düyün də əsas olan şərtlər nədir. Qızın valideynlərinin razılığı, oğlanın validenlərinin razılığı, şahidlər, mehir və s. bunlar da ölkənin öz adət-ənənəsinə uyğun şəkildə həyata keçirilir. Heç nəyə baxmayaraq mən dini kəbini, şəriət kəbinini vacib hesab edirəm. Şəxsən mən kəbin kəsmədən heç vaxt özümü bağışlaya bilmərəm. Onda zina çoxalar və insanlar cahillik edərlər.
Muhəmməd peyğəmbərdən (s.ə.s) belə bir hədis rəvayət edilib: “Vəli və iki etibarlı şahid olmadan kəbin olmaz. Bu cür kəsilməyən kəbin batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs (sultan) vəlisi olmayanın vəlisidir.” Sultan burada səlahiyyətli dövlət orqanı və bu səlahiyyəti olan şəxs deməkdir. Bu gün bu şəxs nigah müqaviləsi yazan aidiyyatlı dövlət qurumlarıdır. Vəli sözünə gəldikdə, bununla ata, baba, oğullar, qardaşlar, əmilər və sairə nəzərdə tutulur. Əgər bunlardan heç biri yoxdursa, yaxud da olduğu halda, öz borcunu yerinə yetirməsə, bu iş səlahiyyətli şəxsin sərəncamına keçir.
İndiki dövrdə vəlisiz kəbin kəsilmir. Kəbini təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi dövlət qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaqları vəlilik səlahiyyətindən istifadə etməkləri deməkdir. Kəbin kəsən dövlət məmurunun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: “Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm”, – deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir. Yəni, bu şəxsin kəbini təsdiq və rədd etməyi onun səlahiyyətindən istifadə etməsi deməkdir.
Peyğəmbərimizin kişilər üçün vəli şərtini irəli sürməməyi, qadınlar üçün də vəlinin təsdiq etməyinin kifayət olduğunu qəbul etməsi evlənməyi asanlaşdırır və möhkəm ailələrin qurulmağına səbəb olur. Xülasə olaraq evlənən cütlüklər bu qədər şahidlərin iştirakı ilə və xeyir dua ilə evlənirlərsə və bu evlilik bütün yaxın qohumlar arasında elan olunursa və dövlət idarələri də bunu qeydiyyata alırlarsa bu da halal kəbin sayıla bilər. Ancaq qədimdən gələn adət-ənənəmizə və dinimizin şərtlərinə uyğun olaraq da dini kəbin kəsdirməyi insanların qəlbinin rahat olması üçün zəruri hesab edirəm. Allah daha düzünü bilir”
Dini nikah lazımdırmı? Bəs əhali bu barədə nə düşünür?
Çoşqun Eldaroğlu : “Mən dini kəbinin mənasını görmürəm. Rəsmi nikah izdivaca hüquqi don geyindirir. Hüquqi dövlətdə yaşayırıq, deməli, rəsmi nikah vacibdir. Sosial çağırış da buna ehtiyacı yaradır.Məsələn, rəsmi nikah dünyaya gələcək övladı qarşıda yarana biləcək problemlərdən sığortalayır. Yox, əgər iki insan öhdəliksiz birlikdə olmaq istəyirsə, ümumiyyətlə, nikaha ehtiyac yoxdu. Dini nikahın mahiyyətini anlaya bilmirəm.Guya məhrəmlik predmetidir”.
Esmira Şükürova : “Dini kəbinin olması çox vacibdir. Allah xatirinə evlənildikdə, xoşbəxt, isti ocağınız olar. Allahın xeyir-duası olmadan səadətdən söhbət gedə bilməz”.
Xəyal Əzizov: “Fikrimcə, ikisi də önəmlidir. Dini kəbinin olub-olmaması o qədər də önəm daşımır”.
Aynur Orucova: “ Dini nikahda hüquqlar qanun çərcivəsində qorunmur. Nəticəde isə ailələr dağılır. Rəsmi nikahda isə bütün hüquqlar rəsmiləşdirilir və qorunur. Dini nikahsız, rəsmi nikahla ailə olar. Ancaq rəsmi nigah olmadan dini nigaha girmək sadəcə cahillikdir”.
İlhamə: “Dini kəbinin önəmi böyükdür. Yəni mənəvi baxımdan hallalıq söhbəti var. Əgər o olmasa nikah qurduğun insanla yaxınlıq etmək haram sayılır”.
Kamran ƏDALƏTOĞLU