Diplomatik nümayəndələr və hərbi attaşelər Qubadlıdadır – YENİLƏNDİ

Azərbaycandakı diplomatik korpusların rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri Ermənistan işğalından azad edilmiş Qubadlı rayonuna səfər ediblər.

Yenicag.az xəbər verir ki, onları Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və s. rəsmi şəxslər müşayiət edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.

Yenicag.az xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.

Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.

***
“Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ” Twitter”də bildirib.

“Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, Hikmət Hacıyev qeyd edib.