Dmitri Medvedyevin Paşinyana sərt mesajı: Moskva "diplomatik nəzakəti" bir kənara qoyub?
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbə meylli xarici siyasət kursunu sərt tənqid edib. Medvedyev Paşinyanı Rusiya, KTMT və Aİİ ilə münasibətləri qəsdən korlamaqda, eləcə də Moskvanın uzunmüddətli dəstəyini görməzdən gəlməkdə ittiham edib.
Moskvanın bu bəyanatı rəsmi İrəvana qarşı diplomatik qaydaların kənara qoyulduğunu deməyə əsas verirmi? Bu təzyiq Paşinyanı geri addım atmağa məcbur edəcək, yoxsa əksinə, prosesi daha da sürətləndirəcək?
Sözügedən sualları Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğluna ünvanladıq.
Şərhçi Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya ilə Ermənistan arasında yaşanan gərginliyin əsasında Karapetyan faktoru dayanır.
Əli Zülfüqaroğlunun sözlərinə görə, Moskva seçkiöncəsi İrəvana təzyiqləri artırmaqla Paşinyanı Rusiyanın geosiyasi maraqları çərçivəsində saxlamağa çalışır:
“Paşinyan Karapetyan məsələsində prinsipiallıq nümayiş etdirir, çünki Ermənistan hakimiyyətinin ən çox ehtiyat etdiyi şəxs məhz odur. Karapetyan ciddi maliyyə resurslarına sahibdir və Rusiya tərəfindən açıq dəstəklənir. Hakim partiyanın reytinqi əvvəlki dövrlərlə müqayisədə azalsa da, onlar hələ də ayrı-ayrılıqda digər müxalifət partiyalarından güclüdürlər. Rusiya çalışır ki, Ermənistan Rusiyayönümlü qüvvələrlə koalisiyaya getməyə məcbur olsun. Bu baş vermədikdə isə hökumətə ciddi təzyiq göstərə biləcək müxalifət düşərgəsi formalaşdırmağa çalışırlar. Rusiyanın əsas məqsədi Ermənistanın Qərblə əməkdaşlığının onun strateji maraqlarını təhdid edəcək səviyyəyə çatmasına mane olmaqdır. Bunun üçün Paşinyana qarşı müxtəlif təzyiq kartları işə salınır”.
Nurlan Cəfəri













