Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə “Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Yenicag.az Ədliyyə Nazirliyinin Mətbuat xidmətində istinadən xəbər verir ki, vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı görüşdə məqsəd koronavirus pandemiyasına qarşı görülən tədbirlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVİD-19 infeksiyasına qarşı aparılan qəti tədbirlərdən bəhs olunub, ədliyyə orqanlarında pandemiya ilə mübarizədə görülən işlərdən danışılıb.
Məlumat verilib ki, nazirlik tərəfindən ədliyyə qurumlarında, xüsusilə penitensiar müəssisələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri, habelə beynəlxalq hüquqi yardımın həyata keçirilməsi elektron qaydada təşkil edilib, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib.
Həmçinin, qlobal pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun faəliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosessləri onlayn rejimdə videokonfrans formatında da keçirilmişdir.
Qeyd olunub ki, bu ərəfədə qanunvericiliyinə edilmiş dəyişikliklərlə cinayət işlərində də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə videokonfransın tətbiqi imkanları yaradılıb.
Tədbirdə dövlət başçısının əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb, BMT və Avropa Şurası tərəfindən eyni tövsiyyələrin bütün dövlətlərə ünvanlandığı qeyd olunub.
Bildirilib ki, bu humanist institutun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işləri öyrənilib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda onlarla söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.
Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1.000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Görüşdə həmçinin, nazirliyin Tibb baş idarəsi tərəfindən fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan məhkumların, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş şəxslərin müayinəsinə xüsusi diqqətlə yanaşıldığı bildirilib. Məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunduğu, bu məqsədlə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.
Bu dövrdə beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının birgə həyata keçirilən layihə çərçivəsində, habelə Beynəlxalq Qızıl Xaç Komitəsinin penitensiar müəssisələrdə COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə öz dəstəklərini əsirgəmədikləri bildirilib. Eyni zamanda qeyd olunub ki, bu ərəfədə Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolu imzalanıb və ölkə Prezidenti tərəfindən artıq təsdiq edilib.
Vətəndaş cəmiyyətinin təmsilçiləri Ədliyyə Nazirliyi tərəfindən pandemiyaya qarşı ilk gündən çox ciddi addımların atıldığını, bununla bağlı keçirilən monitorinqlərdə, şərti azadetmə institutunun tətbiqi ilə bağlı Komissiyanın iclaslarında yaxından iştirak etdiklərini söyləyərək bu sahədə görülən işləri, səmərəli ictimai nəzarətin həyata keçirilməsini yüksək dəyərləndiriblər.
Avropa İttifaqının nümayəndəsi görüşün üçtərəfli formatda keçirilməsini təqdirəlayiq olduğunu vurğulayaraq əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib, nazirlik tərəfindən pandemiyaya qarşı görülən tədbirlərə dəstək göstərməyə hazır olduğunu bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
www.yenicag.az