Əfv fərmanına müxtəlif baxışlar…
Aydın Hüseynov: “Böyük ürək sahibi olmaq, ölkə vətəndaşını azad görmək istəyindən irəli gələn məsələdir”
Gülağa Aslanlı: “Yarımçıq əfv fərmanıdır”
Sərdar Cəlaloğlu: “Bu əfv fərmanını cəmiyyətə mesaj kimi qiymətləndirirəm”
Prezident İlham Əliyev növbəti əfv fərmanı imzaladı. Ona əsasən azadlığa çıxanlar arasında 5 nəfər siyasi məhbus sayılanlar da var.
Görəsən, siyasilər bu əfv fərmanını necə dəyərləndirirlər?
YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Yenicag.az saytına açıqlamasında qeyd etdi ki, əfv fərmanı Azərbaycan prezidentinin humanistliyindən, hər bir Azərbaycan vətəndaşına həssas yanaşmasından irəli gələn istəkdir: “Cənab prezident mütəmadi olaraq belə fərmanlar imzalayır. Bu isə onu göstərir ki, ölkə başçısı hər bir Azərbaycan vətəndaşının dəmir barmaqlıqlar arasında deyil, azadlıqda yaxşı yaşamasını istəyir. Prezident İlham Əliyevin apardığı siyasətin strategiyası Azərbaycan vətəndaşlarının azadlığına, onun rifah halının yüksəlməsinə, cəmiyyətimizin inkişafına yönəlib. Bu isə humanistlik, böyük ürək sahibi olmaq, ölkə vətəndaşını azad görmək istəyindən irəli gələn məsələdir. Hər birimiz cəmiyyətdə normal yaşamalıyıq”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı əfv fərmanının yarımçıq olduğöunu dedi: “İlham Əliyevin imzaladığı əfv fərmanına görə, azadlığa buraxılan siyasi məhbusları, ümumiyyətlə, həbsdən azad olan insanların hər birini təbrik edirəm. Amma bu əfv fərmanı da bundan əvvəlki kimi tamamilə siyasi xarakter daşıyır. Ümumiyyətlə, hakimiyyətin belə əfv fərmanları imzalaması yadıma yetimin papağını başından götürüb, sonra onun başına sığal çəkmək kimi hala bənzəyir. Yarımçıq əfv fərmanıdır. Hakimiyyət görünür, özünün Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yenə də yerinə yetirməməkdə israrlıdır. Ölkədə yüzlərlə siyasi məhbus var. Onların əksəriyyətinin əfv fərmanına düşməməsi pərişanedici haldır”.
ADP sədri Sərdar Cəlaloğlu düşünür ki, əfv fərmanı cəmiyyətə bir mesajdır: “Bir müddət öncə iqtidarla müxalifətin görüşü oldu. Burada da əsas məsələlərdən biri siyasi məhbusların azad edilməsi məsələsi idi. O zaman bir çoxları bu görüşün siyasi məhbus probleminin həllində hər hansı bir addım atılmasına səbəb olmayacağı ilə bağlı pessimist proqnozlar verirdilər. Amma görüşümüzdə siyasi məhbuslarla bağlı narahatçılığı Əli Həsənov dövlət başçısına çatdıracağı ilə bağlı söz vermişdi. Çox şadam ki, həmin söz yerinə yetirildi. Bir qrup siyasi məhbus azad oldu. Siyasi məhbus problemi Azərbaycan dövlətçiliyinə qarşı ciddi beynəlxalq təhdidlərə gətirib çıxarır. Bu da dövlətimizə heç də yaxşı nəsə vəd etmir. Ona görə də siyasi məhbusların azad edilməsi təzyiqlərin zəiflədilməsi istiqamətində düzgün addımdır. Bir əfv fərmanı ilə problemin tam həll olunduğunu deyə bilmərik. Həbsxanada hələ də bir çox siyasi məhbus kimi tanınanlar qalmaqdadır. O insanlar da azad olmalıdır ki, Azərbaycanda real vətəndaş həmrəyliyi yaransın. Bir məsələni başa düşməliyik ki, dövlət həyatının iqtisadi sferasında inkişaf başqa sferalarda da inkişafla müşahidə olunmayacaqsa, həmin inkişaf dövlət və xalqa heç bir xeyir verə bilməz. Azərbaycanda qeyri-mütərəqqi iqtisadi inkişaf var. Bu fonda siyasi inkişafın olmaması dövlət və xalqımıza qarşı yönələn ciddi prosesin yaranmasına gətirib çıxarıb. Bu baxımdan ölkədə siyasi inkişaf bir nömrəli vəzifə olmalıdır. Bunun üçün də elə zəmin yaradılmalıdır ki, iqtidarla müxalifət birgə siyasi inkişafı təmin edə bilsinlər. Bu baxımdan əfv fərmanını cəmiyyətə mesaj kimi qiymətləndirirəm”.
Rüfət