Birinci yazımızda ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun “nurçularla mübarizə” adı altında radikal dini ekstremistlərə necə “krışa”ya çevrildiyindən bəhs etmişdik. Qeyd etmişdik ki, “Nurlar” Nəşriyyat-poliqrafiya Mərkəzinin təməli nurçu lider Mustafa Sunqur tərəfindən qoyulsa da, sonrada Mahmudov bu mətbəəyə “şərik çıxıb”.
Bu səbəbdən də, mətbəə sahiblərinin başqasının əmlakını qəsb etməsinə Azərbaycanda heç bir hakim səsini çıxara bilməyib. Bu barədə bütün instansiyalara müraciət edilsə də, yer sahibi “yerə borclu çıxarılıb”.
Nurçuların mətbəəsi
Nurçu lider Mustafa Sunqurun (Səid Nursinin tələbəsi) Azərbaycana etdiyi səfərlə bağlı bediuzzaman.net saytı bunları yazırdı: “İlk olaraq Azərbaycandakı müşahidələrindən danışan Mustafa Sunqur 20-i Bakıda olmaq üzrə 70 evdə Risaleyi-Nur söhbətlərinin gerçəkləşdirildiyini, bu məkanları daha çox universitet tələbələri və məzunlarının doldurduğunu söylədi. Risaleyi-Nurun yavaş-yavaş iş dünyasında da oxunduğunu bildirən Sunqur Abi “Nurlar” Mətbəəsinin qurulduğuna dair şad xəbəri də verdi”. Maraqlıdır ki, Eldar Mahmudovun kurasiyasına keçənə qədər Azərbaycanda daha çox nurçu və fətullahçı şirkətlərin işlərini görən, ən yaxşı müştəri deyə, “Azərsun”dan başqasını göstərməkdə çətinlik çəkən mətbəəyə birdən birə böyük şirkətlərin sifarişləri axmağa başlayıb. Qısa zamanda, ölkədəki neft və mobil şirkətləri də daxil olmaqla, bütün “divlər” “Nurlar”ın müştərisinə çevrilir. Yəni, Eldar Mahmudov şirkəti ələ keçirməklə yetinmir, oraya müştərilər cəlb etdirərək, daha çox qazanır. Bu səbəbdən də, qurduqları şirkətə eks nazirin ortaq olması oranı çalışdıranları məmnun edir. Bu həm də dövlətdən qorunmaq üçün ən etibarlı dayaq idi.
Xeyriyyəçilik adı ilə aldadanlar…
İndi isə prossesin başlanğıc nöqtəsinə gedək. Bu barədə “Kooplayihə-AHB” firmasının direktoru
Hüseyn Xəlilovun Azərbaycan Prezidentinə yazdığı müraciətdən öyrənirik ki, “Nurlar” Nəşriyyat-poliqrafiya Mərkəzini qurmaq istəyənlər onun da yanına “yetim-yesirə əl tutmaq”, “savab iş görmək” adı ilə gəliblər.
Müraciətdən oxuyuruq: “İsmayıl Allahverdiyev mənə müraciət edərək xeyriyyəçilik məqsədi ilə yetim və kimsəsiz uşaqlara yardım göstərilməsi və xüsusi istedadlı uşaqların irəli çəkilməsi üçün müəyyən kurslar və buna bənzər tədbirlər təşkil etmək istədiyini bildirdi. Bunun üçün o, “Kooplayihə-AHB” firmasının istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 78C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin müvəqqəti olaraq onun istifadəsinə verilməsini xahiş etdi və bildirdi ki, bura sırf göstərilən məqsədlər üçün istifadə olunacaq və firmanın həmin qeyri-yaşayış sahəsindən istifadə etmək zərurəti yarandıqda o, dərhal oranı boşaldacaqdır. Bir müddət sonra məlum oldu ki, bu illər ərzində qeyri-yaşayış sahəsində xeyriyyəçiliklə yox, tamam başqa işlərlə məşğuldurlar. Bununla bağlı dəfələrlə İ.Allahverdiyevə mülkiyyət hüququ əsasında direktoru olduğum firmaya məxsus olan qeyri-yaşayış sahəsini boşaltmaq barədə xəbərdarlıq etdim, lakin o, özünün qeyri-qanuni, hüquqa zidd hərəkətlərinə son qoymayaraq qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etdi. Belə olduqda mən yuxarıda göstərilənləri rəhbər tutaraq cavabdeh İsmayıl Allahverdiyevin və onun icazəsi ilə mübahisəli əmlakda yerləşdirilmiş digər üçüncü şəxslərin öz əşyalarını götürməklə mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdim”.
Bəli, İsmayıl Allahverdiyev Hüseyn Xəlilovun yanına son dərəcə şirin dillə gəlsə də, artıq güclü arxa – (Bu Eldar Mahmudov da ola bilər, Elnur Aslanov da) tapdığından illərlə onlara təmənnasız yer verən, pul qazanmalarına şərait yaradan şəxsə meydan oxumaqdan çəkinməyib.
Birinci məhkəmə ədaləti bərpa etsə də, sonradan işin rəngi dəyişir…
Hüseyn Xəlilovun sözlərinə görə, ilkin olaraq, prosses qanunauyğun şəkildə davam edib: “İşə Yasamal rayon məhkəməsində baxıldı və Yasamal rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Rzayev) iddiaçı “Kooplayihə-AHB” Firmasının cavabdeh Allahverdiyev İsmayıl Balabəy oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ”Nurlan” Nəşriyyat Poliqrafiya Mərkəzinə qarşı əmlakdan (qeyri-yaşayış sahəsindən) çıxarılma barədə iddia tələbim təmin edilmiş, Allahverdiyev İsmayıl Balabəy oğlunun və onun icazəsi ilə mübahisəli əmlakda yerləşdirilmiş digər üçüncü şəxs “Nurlan” Nəşriyyat-Poliqrafiya Mərkəzinin və digər fiziki və hüquqi şəxslərin öz əşyalarını götürməklə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 78D ünvanında yerləşən “D” tikilisindən çıxarılmaları, Allahverdiyev İsmayıl Balabəy oğlunun “Kooplayihə-AHB” firmasına qarşı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 10.06.2010-cu il tarixdə, 011011003646-12301 reyestr nömrəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 78C ünvanda olan “əmlak kompleksi kimi müəssisəyə” dair daşınmaz əmlakın texniki pasportunda hüququn subyektinin “Kooplayihə-AHB” firmasının olmasının ləğv edilməsi; DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhər Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 78C ünvanda yerləşən tikilinin “D” tikilisi “Kooplayihə-AHB” firmasının, ”Ç”,”E”,”F” tikililəri Xəlilov Babək Hüseyn oğlunun mülkiyyətində olmasına dair 06 oktyabr 2010-cu il tarixdə verilmiş MA seriyalı, 0120633 saylı Çıxarışın ləğv edilməsi; tərəflər arasında olan razılaşmaya uyğun olaraq “Nurlan” Nəşriyyat-Poliqrafiya Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 78C ünvanda inşa edilmiş tikilinin ¾ hissəsinə verilməsi və mülkiyyət hüquqlarının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir”.
Hətta Apellyasiya Məhkəməsi də qəsbkarların şikayətini təmin etməmişdir: “Qarşı tərəf apelyasiya şikayəti vermiş və işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2012-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Məmmədov) Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə qalmışdır”.
Lakin iş ən üst instansiyaya-Ali Məhkəməyə çatdıqda, “gözəgörünməz qüvvə” nurçuların imdadına yetib: “ Daha sonra bu işə Ali Məhkəmə baxmış və Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim Ənvər Şadiyev) 18 oktyabr 2012-ci il tarixli Qərarı ilə cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Natiq Abbasov) 18 yanvar 2013-cü il tarixli Qətnaməsi ilə İsmayıl Allahverdiyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli Qətnaməsi ləğv edilmiş, “Kooplayihə-AHB” Firmasının cavabdeh İsmayıl Allahverdiyevə və üçüncü şəxs “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılmaya dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78C ünvanında yerləşən “D” tikilisinin ¾ hissəsinə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzinin mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78C ünvanında yerləşən “D” tikilisinin “Kooplayihə-AHB” Firmasının mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA 0120633 saylı 06 oktyabr 2010-cu il tarixli Çıxarış (“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzinin mqülkiyyət hüquqları tanınmış) ¾ hissəsində ləğv edilməsi, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzinin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, İsmayıl Allahverdiyevin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78C ünvanında yerləşən “Ç”, “E”, “F” tikililərlə bağlı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
Bu qərardan mən kassasiya şikayəti verdim və Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim Əli Rüstəmov) 25 iyun 2013-cü il tarixli Qərarı ilə hakim natiq Abbasovun qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılıb”.
H.Xəlilov hesab edir ki, bu işə baxılarkən yuxarıda adları çəkilən apelyasiya məhkəməsinin hakimi N.Abbasov və Ali Məhkəmənin hakimləri Ə.Şadıyev və Ə.Rüstəmov qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ədalət mühakiməsinə sığmayan, özbaşınalıqla ehtiva olunan və öz-özlüyündə korrupsiyaya şərait yaradan hallarla müşayiət olunan qərarlar qəbul ediblər: “Adları çəkilən hakimlər mütləq surətdə cəzalandırılmalı və onların bu hakim adına, andına sığmayan hərəkkətlərinə son qoyulmalıdır Məhkəmə sistemində fəaliyyət göstərən belə hakimlər hakim korpusunun və ən əsası onlara etimad göstərən Prezidentin faəliyyətinə kölgə salırlar.
Hakimlər qanuna deyil, haqsızlığa, qanunsuzluğa dəstək veriblər
Həmin hakimlər qanunvericiliklə mənə məxsus olan əmlakı iş üzrə cavabdeh və özləri arasında bölüblər. Belə ki, əmlakı naturada cavabdehə və onun yaratdığı firmaya veriblər, qarşılığında isə küllü miqdarda sərvət alıblar. Buna əsas verən hal məhz mənim əvvəlki iki instansiya məhkəmədə qanunla qalib olmağımdır. Bu hakimlər isə heç bir hüquqi əsas gətirmədən hətta iş üzrə tələb irəli sürməyən 3-cü şəxsə mənim əmlakımla bağlı mülkiyyət hüququ tanıyıblar. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsində 3000 kv.m. sahəyə malik olan istehsalat binası və ofis binasının tikintisinin razılığı barədə müqavilənin mövcudluğunu qeyd etmişdir. Belə olan halda, məhəkəmə tikilmiş ərazinin 3000 kv.m. sahəsi barədə münasibət bildirməli idi. Lakin iş materiallarından görünür ki, mübahisəli ünvanda aparılmış tikintinin ümumi sahəsi 5150 kv.m-dir. Məhkəmənin məntiqinə görə razılaşdırılmış 3000 kv.m. tikinti sahəsi ümumi 5150 kv.m. sahənin 3/4-dən artıq sahəni əhatə edir. Başqa sözlə desək, əgər tərəflər 3000 kv.m. sahə barəsində razılığa gəlmişlərsə, qətnaməyə əsasən ¾*3000=2250 kv.m. sahə deyil, 3862 kv.m. sahəyə “Nurlar” Nəşriyyat-poliqrafiya Məqkəzinin mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimki 2250 kv.m.dən əlavə 1612 kv.m. tikiinti sahəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsə aid edilməsi heç bir sübutla müəyyən edilməmişdir. Məhkəmənin isə belə bölgü aparması hər bir halda işin obyektiv araşdırılmaması və qərəzli mövqeyin olmasını özündə ehtiva edir. Bundan başqa N.Abbasov məhkəmə proseslərində mənim və vəkilimin verdiyi bütün vəsatətləri heç bir əsas gətirmədən rədd edib və bu barədə heç bir qərardad qəbul etməyib. Dolayısı ilə mən məhkəməyə çatımlılıq hüququndan-şikayət vermək hüququmdan məhrum olmuşam. N.Abbasov yalnız qarşı tərəfin şahidlərini dindirib və onların ifadələrində olan ziddiyyətləri belə araşdırmayıb. N.Abbasovun iş üzrə qərəzli olması aşkar olub”.
Nurçuların şəriki olan Eldar Mahmudov qarşısında kimsə dayana bilmirdi. Bu səbəbdən də, alayarımçıq, əsaslandırılmadan, heç bir araşdırma aparmadan Mahmudovdan gələn təlimata görə, sahibkarın əleyhinə qərar çıxarılıb: “Məhkəmə qətnaməsindən görünür ki, iddia ərizəsində nəzərdə tutulan tələb üzrə faktların araşdırılması aparılmamış, iddiaçının əsaslandığı sübutların təkzib olunması barədə heç bir sübut-dəlil irəli sürülməmişdir. Bunun əksinə olaraq, cavabdehin həmin əmlak barəsində müəyyən səlahiyyətlərinin olmasını apellyasiya məhkəməsi “sübuta yetirməyə” çalışmışdır. İddiaçının isə belə hüququnun olmamasını təsdiq edən heç bir hal isə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir”.
Hakimləri ayrı-ayrı şəxslərin təsiri altına düşməməyə çağıran Hüseyn Xəlilov bildirir ki, “bu iş üzrə mən halal zəhmətlə əldə etdiyim əmlakımdan məhz hakimlərin qərəzli mövqeyi və ədalətsizliyi, hər hansı bir maraqlarının olması ucbatından məhrum olmuşam. Hakim qulluq səlahiyyətlərindən istifadə edərək öz şəxsi və yaxud ailə üzvlərinin maraqlarını güdməyə və müdafiə etməyə haqlı deyildir. O, özünü elə aparmalıdır ki, onun ailə, ictimai və s. münasibətləri tutduğu vəzifəyə xələl gətirməsin”.
“Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinə və müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadiyyatın, o cümlədən azad sahibkarlığın inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir” deyə, dövlət siyasətinə toxunan H.Xəlilov özünə qarşı dövlətin bu təməl prinsiplərinin pozulduğunu bildirir.
Korrupsiyaya, rüşvətxorluğa və digər vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi, bu sahədə qanunvericiliyin və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi, qeyri-sağlam inzibatçılığın aradan qaldırılması və dövlətin idarə olunmasında aşkarlığın təmin edilməsi məqsədi ilə korrupsiayaya şərait yaradan qanunvericiliyin tələblərini pozanların cəzalandırılmasını tələb edən “Kooplayihə-AHB” firmasının direktoru artıq neçə ildir ki, öz halal haqqını məhz Eldar Mahmudov kimi dövləti MMC kimi idarə etmək istəyənlərin və onların əlaltılarının qurbanına çevrilib. Hüseyn Xəlilov dəfələrlə Prezidentə və müvafiq qurumlara məktubla müraciət etsə də, məktublar “Məktublar şöbəsi”ndə ilişib, qalıb.
H.Xəlilov düşünür ki, Eldar Mahmudov erası bitdiyi üçün hakimlər artıq ədalətli qərar verə bilərlər. Fəqət qarşı tərəf davamlı olaraq, sahib dəyişdirdiyi üçün özlərinə ikinci bir Eldar Mahmudov tapmaları çətin deyil. Ən azından Prezident Adminstrasiyasından çıxarılsa da, gücünü itirməyən Elnur Aslanov vasitəsi ilə istənilən şəxslə dialoq qurulması imkansız deyil. Məsələ burasındadır ki, zamanında da əllərində kifayət qədər güc və maddi imkan olan qrup Eldar Mahmudovun sayəsində daha da gücləniblər. Belə ki, Eldar Mahmudovun kurasiyasına keçənə qədər Azərbaycanda daha çox nurçu və fətullahçı şirkətlərin işlərini görən, ən yaxşı müştəri deyə, “Azərsun”dan başqasını göstərməkdə çətinlik çəkən mətbəə bu gün Azərbaycanın ən böyük ölkədəki neft və mobil şirkətləri də daxil olmaqla, böyük şirkətləri ilə əməkdaşlıq edir. Həm də qanunsuz ələ keçirdikləri bir mülkdə…
Azərbaycanlıları deyə bilmərik, ancaq əcnəbi müştərilərinin dürüstlükdən danışan bu şirkətin başqasının haqqını qəsb etdiyini duyduqdan sonra onlarla əməkdaşlıq edəcəkləri böyük sual doğurur.
Mövzuya qayıdacağıq…
Yenicag.az Araşdırma Qrupu
www.yenicag.az