“Azərbaycanın müasir tarixi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışı ilə bilavasitə əlaqəlidir”.
Yenicag.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov YAP-ın inzibati binasında 15 iyun-Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə deyib.
Ə.Əhmədov vurğulayıb ki, 15 iyun Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biridir:
“90-cı illərin əvvəllərində müstəqillik bərpa ediləndən sonra hansı ağır, keşməkeşli günləri yaşadığımızı yaxşı bilirik. O zamankı hakimiyyətin böyük təhlükə mənbəyi olduğunu da unutmamışıq. Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında idi, xoşagəlməyən proseslər hökm sürürdü”.
Ə.Əhmədov bildirib ki, xaos, dərəbəylik adi hal almışdı: “Bütün bunlar cəmiyyəti böyük bəlaya salmışdı. Yalnış tarixi qayıdışdan sonra Azərbaycan böyük bəlalardan xilas oldu, sabitlik, əmin- amanlıq yarandı və Azərbaycan inkişaf dövrünü yaşayaraq bu günə gəlib çatdı”.
YAP üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Milli Qurtuluş Günü parlament tərəfindən 1997-ci ildə qərarla qəbul edilib. O bildirib ki, Azərbaycan xalqı faktiki olaraq 22 ildir ki, bu bayramı qeyd edir: “Tarixdə hər hansı bir hadisə baş verirsə, ona eyni gündə qiymət vermək olmur. Buna zamanla layiqli qiymət verilir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq təşkilatlarda ciddi rol oynayır”.