Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan: "Suriyada sülh və sabitliyin yenidən bərqərar olunması Qərbin Türkiyəyə dəstəyindən asılıdır"

Reklam: Sinerji Pro

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya böhranının 10-cu ili ilə bağlı “Bloomberg” agentliyi üçün məqalə yazıb.

Yenicag.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan məqalədə Türk ordusunun keçən il bu vaxtlar Suriyada müxalifətin son qalası olan İdlibə yeni bir hücumu dayandırmaq və günahsız insanların yurdlarından didərgin salınmasının və ya öldürülməsinin qarşısını almaq məqsədilə Suriya rejiminin mövqelərinə müdaxilə etdiyini xatırladıb, milyonlarla insanın həyatının xilas edildiyini qeyd edib.

Ərdoğan bu dövr ərzində Türkiyəyə təriflər yağdıran ölkələrin qismən koronovirus epidemiyasının təsiri ilə Suriyadakı humanitar böhranı unutduğunu ifadə edib:

“Vətəndaş müharibəsi Qərbin növbəti vicdani böhranınadək ‘köhnə xəbər’ statusuna qayıtdı. Demokratiya, azadlıq və insan hüquqlarının yenidən dəb olduğu bu günlərdə insanlığın Suriyadakı icraatları səmimiyyətimizin ölçüsü olacaq. Regionda sülh və sabitliyin yenidən bərqərar edilməsinin Qərbin Türkiyəni səmimi və güclü bir şəkildə dəstəkləməsindən asılı olduğuna inanıram”.

Suriya böhranının 10-cu ilində sadəcə demokratiya, azadlıq və insan hüquqlarını tələb etdikləri üçün yüz minlərcə insanın öldürüldüyünün və işgəncəyə məruz qaldığının, milyonlarla insanın didərgin düşdüyünün xatırladılmalı olduğuna diqqət çəkən prezident Ərdoğan sözlərinə belə davam edib:

“Əsəd rejimi və tərəfdarlarının bu qanuni tələbləri məhv etmək cəhdi terrorizm və nizamsız mühacirət kimi ağır nəticələrə səbəb oldu. Bir çox ölkə müxtəlif səbəb və ya bəhanələrlə Suriyadakı münaqişəyə qarışsalar da faciənin başlanğıc nöqtəsini qaçırdılar. Nəticə olaraq, Yaxın Şərqin ən əhəmiyyətli ölkələrindən biri heç vaxt bitməyəcəkmiş kimi görünən bir qırğının ortasında tək qoyuldu. Qürurla deyə bilərəm ki, Türkiyənin mövqeyi Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç dəyişməyib. Türk milləti hesab edir ki, bütün suriyalıları təmsil etmə qabiliyyətinə malik bir siyasi sistem qurulması sülh və sabitliyin yenidən bərqərar olması üçün çox vacibdir. Suriya xalqının ən əsas insan ləyaqəti tələblərinə cavab verməyən bütün planları rədd edirik. Çünki bu kimi variantlar böhranı daha da dərinləşdirəcək. Eyni zamanda Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət edilmədən dinc yolla davamlı bir həllin mümkün olmadığını vurğulayırıq”.

R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin son 10 ildə sözlərini əməlləriylə gücləndirdiyini bildirib:

“Türkiyə bir yandan milyonlarla qaçqına sığınacaq verib, digər tərəfdən isə İŞİD başda olmaqla Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qarşı hərbi qüvvələrindən istifadə edən ilk ölkə olub. Terrorçulardan təmizlənən ərazilərdə təhlükəsizlik zonaları yaratdıq; orada ümidin yenidən cücərməsi üçün səbir və qətiyyətlə bütün lazımi addımları atdıq. Təəssüf ki, yerli tərəfdaşlarımız olan ‘mülayim müxaliflər’ İŞİD və digər terror təşkilatı olan PKK-nın məğlub edilməsindəki əmək və fədakarlıqlarına baxmayaraq mütəşəkkil bir qarayaxma kampaniyasının hədəfi olmuşdur. Türkiyənin yerli ünsürlərlə birlikdə yaratdığı təhlükəsizlik zonaları qonşumuzun gələcəyinə olan bağlılığımızın sübutudur. Bu bölgələr həm barış və sabitlik adaları, həm də özünü təmin edən ekosistemlər halına gəlib. Hüquq-mühafizə orqanlarının formalaşdırılması və təhsili, elektrik və su kimi infrastrukturun yaxşılaşdırılması, məktəb və xəstəxanaların yenidən açılması kimi əsas layihələri həyata keçirdik”.

Türkiyənin eyni zamanda 2019-cu ildə BMT Baş Assambleyasında açıqladığı plana əsasən Suriyada sığınacaqlar inşa edərək bölgədə uzun illərdir yaşanan sığınacaq problemini aradan qaldırdığını ifadə edən Türkiyə prezidenti “Ölkəmiz bütün bu tədbirləri həyata keçirərək Avropanı nizamsız miqrasiya və terrordan qoruyub, NATO-nun cənub-şərq sərhədinin təhlükəsizliyini təmin edib. Etdiklərimiz dəyərlərimizi əks etdirməkdədir: Türkiyənin məzlumların ümidi, günahsızların himayədarı və məsələnin açarı olması iddiamızı dəstəkləməkdədir.”, – deyib.

Qərbin üç variantının olduğuna diqqət çəkən Ərdoğan sözlərinə belə davam edib:

“Birinci variant Suriyada yaşanan hadisələri tribunadan izləyərək daha çox günahsız insanın həyatını itirməsidir. Bu yanaşma nəinki Qərbin əxlaqi iddialarını zəiflədər eyni zamanda terrorizm və nizamsız miqrasiya kimi yeni təhdidlər meydana gətirərək beynəlxalq təhlükəsizliyə və Avropanın siyasi sabitliyinə zərər verər. İkinci variant qalıcı bir həll üçün tələb olunan bütün hərbi, iqtisadi və diplomatik səyləri göstərməkdir. 10 ildir heç bir ciddi addım atmayan Qərb liderlərinin belə bir niyyəti olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.

Son və ən məqbul variant isə Qərbin Türkiyəni dəstəkləməsi, minimum xərc və maksimum təsir ilə Suriyada məsələnin həllinin bir parçası halına gəlməsidir. Burada konkret gözləntimiz bəllidir. Qərbin əvvəlcə təhlükəsiz bölgələrə hücum edən və əli qanlı rejimi dəstəkləyən YPG-yə qarşı açıq bir mövqe nümayiş etdirməsinə ehtiyac var. Bunun əvəzinə Suriyanın qanuni müxalifətinə lazımi dəstək göstərilərək sülh və sabitliyə investisiya qoyulmalıdır. Bundan əlavə Qərb ölkələrinə humanitar böhrana son qoyulması məsələsində öhdəliklərinə düşən məsuliyyəti yerinə yetirmələri üçün çağırış edirik. Türkiyənin yükünün paylaşılmaması Avropaya yeni köç dalğaları ortaya çıxara bilər. Nəhayət, Qərbin Suriyanın daxilindəki təhlükəsiz bölgələrə sərmayə qoymasını və bu sülh layihəsini açıq şəkildə dəstəkləməsini tələb edirik. Suriya üçün demokratik və firavan gələcək alternativinin olduğunu bütün dünyaya göstərmək məcburiyyətindəyik.”

Ərdoğan məqaləsini “Türkiyə humanitar yardımlara liderlik edərək, terror təşkilatlarına qarşı ön sıralarda yer alaraq və diplomatik proseslərə aktiv töhfə verərək Suriyada lazım olanı edə biləcək tək ölkə olduğunu sübut edib. Bayden höküməti seçki kampaniyasında verdiyi vədlərə əməl edərək Suriyadakı faciəni sonlandırmaq və demokratiyanı müdafiə etmək üçün bizimlə birlikdə çalışmalıdır. Türk milləti suriyalı qonşularının mənafelərinə xidmət edən, regional sülh və sabitliyə töhfə verən hər cür təşəbbüsü dəstəkləməyə hazırdır”, – sözləri ilə tamamlayıb.

Loading...

www.yenicag.az

200
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100