Deputatdan Moskvaya Sərt MESAJ: “Rusiya Cənubi Qafqazı qarşısına ALMAMALIDIR”

media-hightechnic-468x90

 

“Düşmənlərinin sayının sürətlə artdığı bir zamanda Rusiya Cənubi Qafqazı da qarşısına almamalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-1746442684_azer_badamov_esasdir

Deputat bildirib ki, hazırda dünya nizamı tamamilə yenidən formalaşır və bu prosesdə heç bir dövlət artıq böyük güclərin diktəsi ilə hərəkət etmək istəmir:

 “Hər bir aktor özünü yeni beynəlxalq düzəndə müstəqil aktor kimi görmək istəyir və bu mövqedən çıxış edir. Belə bir reallıqda Azərbaycan dünya tarixində elə güclü bir presedent formalaşdırdı ki, atdığımız addımlarla, açdığımız cığırla getmək istəyən dövlətlərin və xalqların sayı artır. Bu istiqamətdə Azərbaycanın təcrübəsi öyrənilir, onun liderinin yanaşmalarına istinad edilir, şəxsiyyətinə etimad göstərilir.

Ukrayna–Rusiya gərginliyi hətta Sovet İttifaqı və Soyuq Müharibə dönəmində də özünü büruzə verirdi. Bir çox strateqlərin və siyasi analitiklərin düşüncəsinə görə, ittifaqı parçalamaq üçün Ukrayna ilə münasibətlər zəiflədilməli idi. Krım üzərindən Rusiya–Ukrayna arasında yenidən başlayan səhifə, 2022-ci ildə start götürən sonuncu müharibə sadəcə iki dövləti deyil, fərqli ideologiyaları da üz-üzə qoyaraq dünyanın axarını dəyişdi. Reallıq isə odur ki, bu müharibədə faktiki olaraq qalib və məğlub statusuna heç kim yiyələnə bilməyib.”

Azər Badamov qeyd edib ki, Ukrayna–Rusiya münaqişəsi yeni dövrün ideoloji toqquşmalarını da dərinləşdirib. Onun sözlərinə görə, bu münaqişədə qalib və məğlub anlayışı faktiki olaraq mövcud deyil:

“Qərb bütün vasitələrlə Rusiyanı sıxışdırır. Bu istiqamətdə başlanan sanksiyalara qoşulmaq üçün yeni aktorlara müraciət olunur. Azərbaycana da bu istiqamətdə təkliflər, təzyiqlər, hətta təhdidlər edilsə də, Prezident İlham Əliyev son dərəcə aydın və prinsipial mövqe ortaya qoydu. Biz buna getmədik. Ermənistanın iqtisadiyyatı əsaslı şəkildə Rusiyadan asılı olsa da, Qərbin dəstəyi ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan və komandası Rusiyadan qopmaq üçün ən xırda şansı belə fürsətə çevirməyə can atdı”

Deputat bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycanı da cəlb etmək cəhdləri olub:

“Cənubi Osetiya və Abxaziya məsələsi, məhz bu qığılcımdan sonra Gürcüstanda baş verən hadisələr də göstərdi ki, regionda Rusiyanın dayaqları ciddi şəkildə sarsılır. Qərbin başlatdığı sanksiyalar və Ermənistanın Rusiyanı arxadan vurması fonunda Azərbaycan son dərəcə sayıq və müstəqil mövqe nümayiş etdirdi. Rusiya–Azərbaycan münasibətləri heç bir aktor və ya amil prizmasından deyil, sırf “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə əsaslanaraq dəyərləndirildi.

Təəssüflər olsun ki, Azərbaycanın göstərdiyi hörmətin və münasibətin adekvat qarşılığını görmədik. Bunun səbəbi isə heç bir başqa amillə deyil, Azərbaycanın müstəqil siyasət yürütməsi ilə əlaqələndirilməlidir. İmperialist təfəkkürdən çıxmağı bacarmayan Rusiya hələ də proseslərin onun iştirakı ilə cərəyan etməsinə, problemlərin onun vasitəçiliyi ilə həll olunmasına çalışır. Artıq elə bir mənzərə formalaşıb ki, münasibətlər vasitəçilik mərhələsindən çıxaraq birbaşa xarakter alıb. Zənnimcə, Rusiyanı hiddətləndirən birinci amil də məhz budur.

İkincisi, ən azı birinci qədər vacib məsələ odur ki, Azərbaycanın regionda və dünyada nüfuzu durmadan artır. Bu da Rusiyanı qıcıqlandıran əsas faktorlardandır”

Badamov hesab edir ki, Rusiya Cənubi Qafqazda gərginliyi artırmağa çalışsa da, Azərbaycan bu məsələlərə təmkinli və düşünülmüş şəkildə cavab verir:

“Digər bir məsələ isə ondan ibarətdir ki, Ukrayna–Rusiya müharibəsinin hər bir uğuruna və istənilən uğursuzluğuna baxmayaraq, Azərbaycan Cənubi Qafqazda ikinci cəbhənin açılmasına icazə vermir. Bütün bu məqamları haqsız yerə əsas kimi götürən Rusiya – təyyarə qəzası, diplomatik etiket qaydalarının kobud şəkildə pozulması, Yekaterinburqda azərbaycanlıların amansızcasına öldürülməsi kimi addımlara əl atdı. Təbii ki, bütün bu hadisələr xalqımızın haqlı hiddətinə səbəb oldu. Ümumiyyətlə, Rusiyada yaşayan qeyri-rus xalqlarına qarşı sərgilənən son dərəcə yad və qeyri-insani davranışlar onu deməyə əsas verir ki, bu ölkə sanki cəngəllik qanunları ilə idarə olunur”

Deputat son olaraq bildirib ki, Rusiyanın artan düşmənlərinin sayını nəzərə alaraq, Cənubi Qafqazı da qarşısına almasının məntiqsiz olduğunu vurğulayıb:

“Rusiya zəiflədikcə, hiddətini digər xalqlara zülm etməklə göstərməyə çalışır. Cənubi Qafqazı da itirmək istəməyən bu dövlət Azərbaycanın müstəqil siyasət yürütməsini heç cür qəbul edə bilmir. Ermənistanda baş verən və açıq dəstək verilən proseslər oradan da anti-Rusiya çağırışlarının səsləndiyini ortaya qoydu. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı olsa da, buna təmkinlə, adekvat və hər cür hesablamalar nəzərə alınmaqla son dərəcə düşünülmüş cavablar verilməlidir.

Mənfi tendensiyanın davam etdirilməsi bütövlükdə regiona heç bir müsbət nəticə vəd etmir. Eyni zamanda, digər bir reallıq da ondan ibarətdir ki, düşmənlərinin sayının sürətlə artdığı bir dövrdə Rusiya Cənubi Qafqazı da qarşısına almamalıdır”, – deyə o bildirib”

 

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600