“Ərdoğanın səfəri zamanı bu “xəbərlər”in yayılması…” - Türkiyəli jurnalist Azərbaycana qarşı növbəti yalanı İFŞA ETDİ
“Görünür ki, yayılan yalan xəbərlər Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan bir qarayaxma kampaniyasının tərkib hissəsidir”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyəli jurnalist Qaffar Yakınca öz “X” hesabında bəzi xəbər mənbələrinin 7 oktyabrda İsrailə dəstək vermək məqsədilə guya Azərbaycanda bayraqların yarıya endiriləcəyinə dair yayılan dezinformasiyaya münasibət bildirərək yazıb.
“Dünəndən bəri Böyük Britaniya mərkəzli xəbər mənbələri 7 oktyabr ildönümündə İsraili dəstəkləmək məqsədilə guya Azərbaycanda bayraqların yarıya endiriləcəyi xəbərlərini yayırlar. Türkiyədən bir sıra sosial media hesabında bu xəbərlər paylaşılıb. Hüseyn Büyükfıratla (Türkiyə-Azərbaycan İş adamları və Sənayeçilər Birliyinin sədri) əlaqə saxladım. O dedi ki “Belə bir hal qətiyyən mövcud deyil. Bu yalanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə eyni vaxta təsadüf etməsi isə düşündürücüdür” – və bu görüntüləri göndərdi”.
Qaffar Yakınca yayılan yalan xəbərlərin Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan bir qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Nəsimi Ələsgərli