“İndiki məqamda Kərkinin Azərbaycana qaytarılacağı ilə bağlı erməni mediasında dərc edilən xəbərlər Ermənistanın baş naziri Nikol Paşinyana qarşı mövqedə dayananların işidir”.
Bunu Yenicag.az-a açıqlamasında erməni mediasında Kərkinin Azərbaycana qaytarılması ilə bağlı dərc edilən xəbərlərin sülh prosesinə təsirindən danışan politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, Azərbaycan digər 4 anklav kəndlə bağlı öz tələblərini irəli sürüb.
“Kərkini azad etməliyik və edəcəyik də. Bunu hazırkı Ermənistan hakimiyyəti də çox yaxşı anlayır. Sadəcə, hazırda İrəvanda vəziyyət öz məcrasından çıxıb. İndiki məqamda Kərkinin Azərbaycana qaytarılacağı ilə bağlı erməni mediasında dərc edilən xəbərlər Ermənistanın baş naziri Nikol Paşinyana qarşı mövqedə dayananların işidir. Lakin həqiqəti heç nə dəyişmir. Gec-tez Kərki Azərbaycana qaytarılacaq. Əlavə olaraq, əgər bu, tez bir zamanda baş verəcəksə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da yaxın perspektivdə gerçəyə çevriləcək”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az