Amerikada çıxan “The Daily Wire” qəzetində Haym Salomon Mərkəzinin prezidenti və icraçı direktoru cənab Pol Millerin məqaləsi dərc olunub.
Yenicag.az xəbər verir ki, məqalədə ABŞ Konqresinin Prezident Donald Trampın impiçmentini reallaşdırmağa çalışan ermənipərəst üzvlərindən və uzun müddət erməni lobbisini dəstəkləyən qanunvericilərin ikiqat standartlar mövqeyi tutması ifşa edilir.
Adam Şiff başda olmaqla Konqresdə Trampın impiçmenti üzrə işin araşdırılması ilə məşğul olan bir qrup qanunverici Amerika mətbuatlarında Tramp administrasiyasının güman edilən korrupsiyasının və başqa dövlətin rəhbərliyinin ABŞ-da seçki prosesinə cəlb edilməsinin təhqiqatı ilə bağlı “xəbərlər yaratmaqda” davam edir.
KİV: Adam Şiff və onun həmkarları əvvəlcə “öz evlərində qayda yaratmalıdırlar”.
Belə adlandırılan Ümumerməni “Ermənistan fondu” yaxın vaxtlarda keçirdiyi illik telemarafon zamanı cəmi 10 milyon dollar yığıb.
Qeyd edək ki, bir il bundan əvvəl fondun direktoru Ara Vardanyan ona etibar edilmiş maliyyə vəsaitlərindən qanunsuz istifadəyə pul vəsaitlərini israf etdiyinə görə ittiham üzrə həbs edilmişdi. Telemarafon zamanı 2018-ci ildə 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı. Göründüyü kimi, məbləğ azalmaqda davam edir.
Miller vurğulayır ki, demokratlar Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman illər boyu bu “azalan fond”un tərəfdarları və Trampın impiçmentinin qızğın tərəfdarlarıdır.
KİV: Demokratların belə fəal dəstəklədiyi “Ermənistan fondu”nun özünün ABŞ-ın daxili işlərinə xarici müdaxilədə əli var.
“Ermənistan Fondu”nun problemləri onun yaradıldığı andan başlanıb. 1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə yaradılmış və 1994-cü ildə Los-Ancelesdə fəaliyyətə başlamış fond özünü “Ermənistan Respublikasının və Arsax respublikasının ehtiyaclarına xidmət edən” və “erməni xalqı üçün daha yaxşı vətən yaratmaq məqsədilə Ermənistan xalqını bütün dünyada erməni diasporu ilə birləşdirmək missiyasını yerinə yetirən humanitar təşkilat” adlandırır. Miller qeyd edir ki, “Arsax” termini ermənilər tərəfindən Dağlıq Qarabağ – BMT-nin Ermənistanı pisləyən qətnamələrinə rəğmən erməni qoşunları tərəfindən işğal edilmiş Azərbaycan ərazisi barəsində istifadə olunur.
Ermənistan Fondu Konqresdə öz tərəfdarları üçün bir növ dilemma yaradır: demokratlar, bir tərəfdən, impiçment prosesi zamanı prezident Trampın tərəfdaşlarını qeydiyyatdan keçməmiş xarici agentlər kimi fəaliyyətinə görə ittiham etmək və eyni zamanda, bu fakta məhəl qoymamaq istəyirlər ki, xarici hökumət tərəfindən təsis edilmiş və idarə heyətinin sədri Ermənistanın keçmiş prezidenti olan fond özü də xarici agentlərin qeydiyyatı haqqında Qanuna uyğun olaraq qeydiyyatı alınmayıb?
Məqalənin sonunda müəllif yazır ki, bu qanunvericilər erməni-amerika aparatından uzaqlaşmasalar, onlar praktik olaraq xarici təsir və prezidentin impiçmenti haqqında müzakirələrdə cəmiyyətin etimadını qazana bilməyəcəklər.