“Son dövrlərdə dünyada ciddi və maraqlı geosiyasi proseslər baş verir. ABŞ-də Bayden administrasiyasının yerini Trampın tutması Vaşinqtonun dünya siyasətində mühüm dəyişikliklər etməsinə səbəb olub”.
Bunu Yenicag.az-la söhbətində politoloq Sahil Kərimli deyib.
Siyasi təhlilçi Ukrayna məsələsi ilə bağlı danışıqların getdiyi ərəfədə İrəvan-Vaşinqton münasibətləri, habelə Ermənistanın Rusiyaya qarşı apardığı təcridetmə siyasətindən söz açıb.
Həmsöhbətimiz əlavə edib ki, bir neçə gün əvvəl hələ Tramp bu açıqlamaları verməmişdən Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqlar çərçivəsində Volodimir Zelenskini qeyri-legitim adlandırmış və danışıqlarda Ukrayna liderinin iştirakının qeyri-mümkünlüyünü vurğulamışdı:
“Ardınca Tramp da eyni ritorikanı səsləndirdi, hətta daha sərt ifadələr işlədərək Zelenskini “diktator” adlandırdı və müharibənin günahını Ukraynanın üzərinə atdı. Bu vəziyyət göstərir ki, ABŞ-nin yeni administrasiyası əvvəlki dövrdə Rusiya-Ukrayna müharibəsini dəstəklədiyi halda, indi Ukraynanı kütləvi insan tələfatına və faciələrə görə günahlandırır. Tramp Rusiya ilə bağlı sərt ifadələr işlətməməsi isə Vaşinqtonun yeni siyasi kurs götürdüyünü göstərir. Tarixdə ABŞ-nin müxtəlif ölkələrdə inqilablar təşkil etdiyinin, hakimiyyət dəyişikliklərinə təsir göstərdiyinin və sonradan geri çəkilərək, tərəfləri üz-üzə qoyduğunun dəfələrlə şahidi olmuşuq. Bu gün Ukraynada da eyni ssenari müşahidə edilir”.
Onun sözlərinə görə, Trampın münaqişəni həll etməyə çalışmasının əsas səbəbi ABŞ-nin həm Rusiya-Ukrayna, həm də İsrail-HƏMAS qarşıdurmalarında ciddi maliyyə və hərbi itkilərə məruz qalmasıdır:
“Amerika iqtisadiyyatına bu münaqişələrin vurduğu ziyan nəzərə alınaraq, Tramp hətta Ukraynaya ayrılan maliyyə yardımlarının geri qaytarılmasını tələb edir. Bu vəziyyət dünyanın bir çox ölkələrinə dərs olub. Xüsusilə Gürcüstan anlayır ki, əvvəllər Qərb dairələri ölkədə hakimiyyət üzərində nəzarəti əldə saxlamaq üçün müxtəlif tədbirlər görmüş və bu, Rusiya ilə ciddi qarşıdurmalara səbəb olmuşdu. Gürcüstan rəhbərliyi baş verən prosesləri diqqətlə təhlil edir və Ukraynanın aqibətini yaşamamaq üçün daha praqmatik və milli maraqlara əsaslanan siyasət yürütməyə başlayıb”.
“Ermənistan isə Bayden administrasiyası dövründə ABŞ-yə arxalanırdı. Hətta Bayden hakimiyyətinin son günlərində Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanmışdı. Lakin Tramp hakimiyyəti dövründə bu müqavilənin dondurulacağı ehtimalı yüksəkdir. Tramp Cənubi Qafqaz da daxil olmaqla, dünyanın müxtəlif regionlarında baş verən prosesləri diqqətlə təhlil edir və hər hansı bir tərəfi açıq şəkildə dəstəkləməkdən çəkinəcək. Bunun nəticəsində İrəvan oyundankənar vəziyyətə düşdüyünü anlayır və bu siyasətin fiasko ilə nəticələnəcəyini görməyə başlayır. Bu gün Ukraynanın vəziyyəti buna bariz nümunədir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az